Türkiyə İsrailin hərbi əməliyyatlarının Livan sərhədinə "yayılması" planını tənqid edib

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzzadakı "müharibəni bütün regiona yaymaq" planını tənqid edib.

"İsrail indi gözünü Livana dikib və biz görürük ki, Qərb gücləri pərdə arxasında İsraili alqışlayır və hətta onlara dəstək verir", deyə Ərdoğan qanunvericilərə bildirib.

Netanyahu Qəzzada HƏMAS-a qarşı mübarizənin "intensiv mərhələsinin" tezliklə başa çatacağını və İsrail qüvvələrinin İsraillə Livandakı "Hizbullah" silahlı qruplaşmasının aylardır bir-birini atəşə tutduğu şimal sərhədinə yenidən yerləşdiriləcəyini bəyan edib. Netanyahu bu addımın müdafiə xarakteri daşıdığını deyib.

ABŞ rəsmiləri bu həftə öz etirazlarını ifadə edərək, münaqişəni genişləndirə biləcək addımlarına qarşı İsrailə xəbərdarlıq edib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Qallanta İsrail və "Hizbullah" arasında artan münaqişənin regional müharibəyə səbəb ola biləcəyini deyib. Çərşənbə axşamı Qallantla danışıqlara ev sahibliyi edən Austin diplomatik həllə çağırıb.

"İsrail və "Hizbullah" arasında daha bir müharibə asanlıqla regional müharibəyə çevrilə və Yaxın Şərq üçün dəhşətli nəticələrə səbəb ola bilər. Diplomatiya daha çox eskalasiyanın qarşısını almağın ən yaxşı yoludur" - deyə, Austin bildirib.

Austinlə görüşdən əvvəl danışan Qallant "Biz razılıq əldə etmək üçün sıx əməkdaşlıq edirik, lakin biz hər bir mümkün ssenari üzrə hazırlığı müzakirə etməliyik" deyib.

İsrail ordusu keçən həftə "Hizbullah"la döyüşmək üçün "razılaşdırılmış və təsdiqlənmiş" planlarının olduğunu bildirib.

ABŞ dövlət katibi Antoni Blinken də bazar ertəsi Qallantla görüşərkən İsraili Livanda gərginliyin qarşısını almağa çağırıb.

İsrail və "Hizbullah" sonuncu dəfə 2006-cı ildə genişmiqyaslı müharibə aparıb. O zaman “Hizbullah”ın transsərhəd hücumu 34 gün davam edən döyüşlərə səbəb olub və əsasən də ölkənin cənub bölgəsi olmaqla, Livana ağır zərər verib.

Qallant həmçinin HƏMAS-ın israilli girovları azad etmək üçün danışıqlarda əsas ABŞ rəsmisi, Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Bill Bornsla da görüşüb.

Qəzzadakı müharibəyə HƏMAS-ın İsrailə hücumu səbəb olub. İsrail rəsmilərinin dediyinə görə, hücum zamanı 1200 nəfər ölüb, 250-yə yaxın insan girov götürülüb. Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücumu əksəriyyəti mülki əhali olmaqla, 37,600-dən çox fələstinlinin həyatına son qoyub. Onların arasında minlərlə döyüşçü də var.