Təzad: Firavanlıq üsyanı?

Kiçik bir parkın sökülməsinə dörd nəfərin etirazı dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkəsi olan Türkiyənin gələcəyi uğrunda mübarizəyə çevrildi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın hökumətinə qarşı nümayişlərdə minlərlə insan həbs edildi.

İnsanlar varlandıqca kapitalizmə münasibətləri dəyişir. Onlar böyük ticarət mərkəzindənsə, kiçik parka üstünlük verirlər.
Pavel Morski
Bloger Pavel Morski hesab edir ki, baş verənləri Ərəb Baharına bənzətmək olmaz. Birincisi, Türkiyə qonşularından fərqli olaraq müvəffəqiyyətli orta sinfə malikdir. Bu ölkə 2003-cü ildə Ərdoğanın hakimiyyətə gəlməsindən bəri iqtisadi artım baxımından ön sıralarda yer alır. Ümumdaxil məhsul istehsalı adambaşına üç dəfə artıb. “İnsanlar varlandıqca kapitalizmə münasibətləri dəyişir. Onlar böyük ticarət mərkəzindənsə, kiçik parka üstünlük verirlər,” Morski yazır.

Reuters yazır ki, Taksim meydanının inkişafı planı hökumətin ən böyük layihələrindən biridir. Digər layihələrə dünyanın ən böyük hava limanı və Bosfor boğazında üç milyard dollarlıq üçüncü körpünün salınması daxildir. Hökumətin dini mühafizəkarlığı və spirtli içkilərə tətbiq etdiyi məhdudiyyətlər Ərdoğanın iqtisadi siyasətini kölgə altına alıb.

Bloger Dani Rodrikin fikrincə, iqtisadi tərəqqinin əsasını hökumətin böyük səhvlərə yol verməməsi təşkil edir. Artım bazar standartları ilə deyil, xarici borcların artması sayəsində baş verir. İctimai xidmətlər geniş yayılmış qohumbazlığa əsaslanır.
Hökumət böyük səhv etməyib. Amma artım bazar standartları ilə deyil, xarici borcların artması sayəsində baş verir. İctimai xidmətlər geniş yayılmış qohumbazlığa əsaslanır.
Dan Rodrik

Bloger Emre Delivelinin yazdığına görə, Türkiyədə nümayişlər dünyanın ən ağır iqtisadi durumda olduğu vaxta təsadüf edir. İnkişaf etməkdə olan bazarlar son zamanlar tənəzzüllə qarşılaşır. Adətən belə dövrlərdə Türkiyə iqtisadiyyatı da əziyyət çəkir. Baş verənlərə maliyyə bazarının həssaslığı artıq özünü büruzə verir. Bazar ertəsi Türkiyənin səhm birjasının indeksi 10.5 faiz enib ki, bu da son on ildə ən aşağı göstəricidir.