Türkiyədə binaların dağılması ilə əlaqədar aparılan istintaq genişləndirilir

Antakya, Hatay, Türkiyə. 21 fevral, 2023.

Türkiyə ədliyyə nazirinin şənbə günü verdiyi məlumata görə, bu ay baş verən zəlzələ nəticəsində dağılan binalara görə məsuliyyət daşımaqda şübhəli bilinən 184 nəfər həbs edilib, çox sayda istintaq başladılıb.

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə ölənlərin sayı 44,128-ə çatıb. Bununla da Türkiyə və Suriyada ümumi ölənlərin sayı 50 mini ötüb.

Türkiyənin müasir tarixində baş verən ən dağıdıcı zəlzələ nəticəsində 520 min mənzilin yerləşdiyi 160 mindən çox bina ya dağılıb, ya da ciddi şəkildə ziyan dəyib.

Ədliyyə naziri Bekir Bozdağ zəlzələnin təsirinə məruz qalan 10 şəhərdən biri olan Diyarbakırda mətbuat konfransında bildirib ki, dağılan binalarla əlaqədar 600-dən çox insanla bağlı istintaq aparılıb.

Onun dediyinə görə, Rəsmi olaraq saxlanılan və həbs edilənlər arasında 79 tikinti podratçısı, binalara görə hüququ məsuliyyət daşıyan 74 nəfər, 13 əmlak sahibi və binalara dəyişiklik edən 18 nəfər daxildir.

Türkiyədə bir çoxları yanlış və qüsurlu tikinti üsulları və şəhərsalma praktikası ilə bağlı qəzəbini ifadə edir.

İyun ayında keçiriləcək seçkidə son 20 illik hakimiyyətində ən böyük siyasi rəqabətlə üzləşən Prezident Tayyib Ərdoğan cavabdehlik vəd edib.

Dövlətə məxsus TRT Haber və başqa media orqanları Qaziantepdə Nurdağı rayonun Ərdoğanın AK partiyasından merinin də saxlanılanlar arasında olduğunu xəbər verib.

Zəlzələdən üç həftə keçməsinə baxmayraq hələ ki, ölənlərin yekun sayı bəlli deyil və rəsmiləri dağıntılar altında hələ neçə cəsədin qaldığını söyləməyib.

Antakya şəhərində dağıntıları təmizləməyə yardım edən yanğınsöndürən hər gün bədən parçalarının tapıldığını bildirib.

“Çox çətindir. Bir insan qolunu tapıb çıxaran insana işləməyə davam etməsini deyə bilməzsən,” adının açıqlanmasını istəməyən yanğınsöndürən deyib.

Türkiyənin fövqəladə hallar idarəsinin bildirdiyinə görə, zəlzələ nəticəsində evsiz qalan təxminən 2 milyon insan bölgədə və ölkənin başqa hissələrində çadırlar, konteyner evlər və başqa müəssisələrdə qalırlar.

O əlavə edib ki, zəlzələ bölgəsində 335 mindən çox çadır qurulub, 130-dan çox yerdə konteyner evlər quraşdırılır, 530 mindən çox insan isə həmin ərazilərdən təxliyə olunub.

Ancaq Antakya yaxınlığında suriyalı Omran Alsved və ailəsi hələ də özlərinin düzəltdiyi çadırda qalır.

“Bizim evlərimizə böyük ziyan dəyib, ona görə də biz burada məhəlləmizdəki bir bağçaya sığınmışıq,” o deyib.

“Ən böyük problem çadırlardlr. 19 gün keçib və bizə hələ də bir dənə belə olsun çadır çatdırılmayıb. Biz həmçinin çadır düşərgəsinə getmək üçün müraciət etmişik, amma yaxınlıqda olanlaırn dolduğunu deyiblər,” o əlavə edib.