Ərdoğan: "Park tikiləcək!" [Fotoqalereya]

Türkiyədə nümayişlər davam edir

Türkiyə hökumətinin İstanbulun mərkəzindəki parkın sökülməsi planına qarşı günlərdir davam etiraz nümayişlərinə baxmayaraq, baş nazir Rəcəb Tayyip Ərdoğan bu planın həyata keçiriləcəyini deyib. Tunisdə keçirilən mətbuat konfransı zamanı cənab Ərdoğan nümayişlərdə "terrorçu qruplaşmaların" iştirak etdiyini, həbs edilən nümayişçilər arasında 7 nəfər xarici vətəndaşın olduğunu deyib.

Şimali Afrikaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün vətənə qayıdır. Cənab Ərdoğanın rəhbəri olduğu partiyanın sədr müavini Hüseyn Çelik baş nazirin tərəfdarlarını baş nazirə dəstək ifadə etmək üçün hava limanına toplaşmamağa çağırıb.

Keçən həftənin cümə günü hökumətin İstanbuldakı parkı sökmə planına qarşı başlayan etirazlar sonradan baş nazir Ərdoğanın istefası tələbi ilə davam edir. Tənqidçilər cənab Ərdoğanı avtoritar idarəetmədə və dünyəvi ölkədə İslam qanunları həyata keçirməkdə ittiham edir.

Bu arada isə etirazçılar nümayişçilərə qarşı gücdən istifadə edən rəsmilərin adları da daxil edilməklə, tələblərinin olduğu siyahını Türkiyə baş nazirinin müavininə təqdim edib.

Dünən baş nazirin müavini Bülənt Arınc hökumətdən həbs edilənlərin azad edilməsini tələb edən bir qrup etirazçı ilə görüşüb. Görüş hökumətə qarşı nümayişlər zamanı polislə nümayişçilərin qarşıdurmasının davam etdiyi gecə keçirilib.