Şərqi Azərbaycan Türkiyənin İranda ən böyük ticari tərəfdaşıdır

Türkiyənin iş adamları və dövlət rəsmilərindən ibarət 80 nəfərlik heyət Təbrizə gəlir
İran xəbər agentlikləri 25-i dövlət rəsmisi olmaqla 80 nəfərlik ticari heyətin Türkiyədən Şərqi Azərbaycan vilayətinə səfər edəcəyi ilə bağlı məlumat yayıb. İçində Türk Sənayeçilər və İşadamları Dərnəyinin (TÜSİAD) önəmli simalarının da olduğu heyət aprelin 17-də Təbrizdə olacaq.

Türkiyə İnkişaf Nazirinin başçılıq etdiyi Heyətin Şərqi Azərbaycan vilayətinə səfərini böyük bir hadisə olaraq qiymətləndirən Şərqi Azərbaycan İqtisadi İşlər və Maliyyə İdarəsinin sədri Rza Hüseyni Şərqi Azərbaycan vilayətinin Türkiyənin İrandakı ən böyük ticari tərəfdaşı olduğunu qeyd edib.

Prezident Abdullah Gülün 2011 Təbriz səfəri

“Suriya və bölgənin bir neçə başqa ölkəsində mövcüd böhranları nəzərə alaraq, bölgədə Türkiyənin sərmayə yatıracağı ən uyğun ölkə İrandır... Şərqi Azərbaycan vilayəti İran-Türkiyə arasında ticari münasibətlərin genişlənməsində əsas rol oynayır. Biz Türkiyə ilə ortaq mədəni dəyərləri paylaşırıq və bu ölkə hər zaman İranın ticari tərəfdaşı olmuşdur,” deyə cənab Hüseyni bildirib.
İRNA xəbər agentliyinə istinadən Türkiyədən gələn heyət Təbriz və Tehran şəhərlərində iş adamları və İran dövləti rəsmiləri ilə toplantılar keçirəcəkdir.
İRNA xəbər agentliyi bildirir ki, Türkiyədən gələn heyət Təbriz və Tehran şəhərlərində iş adamları və İran dövləti rəsmiləri ilə görüşlər keçirəcək. Heyətdə nəqliyyat, tikinti, yol, dəmir yolu, kənd təsərrüfatı, fermer təsərrüfatları, sənaye maşınları, dərman, qida, mədənçilik və turizm xidmətləri kimi sahələrdə aktiv olan iş adamlarının yer aldığı bildirilir.

İSNA xəbər agentliyi Türkiyənin Təbrizdəki baş konsulu Güven Begeçin ötən günlərdə zəncanlı iş adamları ilə görüşdüyü bildirib.

“Konsulluğumuzun fəaliyyət mərkəzi Təbriz və Şərqi Azərbaycan vilayəti olsa da, zəncanlı biznesmenlər heç bir məhdudiyyət olmadan bizimlə əlaqədə ola bilərlər,” deyə Begeç Zəncan toplantısında bəyan edib.

Yerli jurnalistlərin yazdığına görə, son illərdə, xüsusilə prezident Abdullah Gülün 2011 ilindəki Təbriz səfərindən bəri bu şəhər Türkiyəli iş adamlarının diqqət mərkəzinə gəlib.
2011-ci ilin fevral ayında prezident Gülün Təbriz əhalisi tərəfindən isti və geniş şəkildə qarşılanması Türkiyə mediasının gündəminə çıxmışdı.