Türkiyə və Suriyada 7,8 bal gücündəki zəlzələnin dağıntıları altında qalan daha çox insanın xilas edilməsi perspektivi azalsa da, zəlzələdən dörd gün sonra, cümə günü Türkiyənin cənubundakı Hatay vilayətində dağıntılar altından bir neçə nəfər çıxarılıb.
Rəsmilər bazar ertəsi Türkiyə ilə Suriya arasındakı sərhəd bölgəsində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının hazırda 21 mindən çox olduğunu və bunun 2011-ci ildə Yaponiyada 20 minə yaxın insanın ölümünə səbəb olan zəlzələ və sunamidən sonra dünyanın ən ölümcül seysmik hadisəsi olduğunu bildirib.
Avadanlıq çatışmazlığı xilasetmə qruplarının sağ qalanları tapmaq səylərinə mane olub.
Birləşmiş Millətlər Təşkilatının altı yük maşınından ibarət yardım karvanı cümə axşamına qədər Türkiyədən humanitar yükləri ölkənin şimalındakı Suriya hökumətinin nəzarətindən kənar ərazilərə daşımaq üçün BMT-nin istifadə edilməsinə icazə verdiyi yeganə Bab Əl-Hava keçidi vasitəsilə Suriyaya çata bilməyib. Türkiyə tərəfindəki keçidə gedən yol zəlzələ nəticəsində zədələnib və hələ yeni açılıb.
Bölgədə yüz minlərlə insan şaxtalı temperaturda evsiz-eşiksiz qalıb.
Türkiyənin Təbii Fəlakətləri İdarəetmə Agentliyi cümə axşamı bildirib ki, xilasetmə işlərində təxminən 110 min insan iştirak edir və zəlzələdən əziyyət çəkən ölkəyə yardım üçün traktor, kran, buldozer və ekskavator kimi 5500 maşın göndərilib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan zəlzələnin episentri Qaziantep şəhəri yaxınlığında və Türkiyə-Suriya sərhədi yaxınlığındakı əraziyə səfər edib.
Yaxınlarını axtaran və ya hökumətdən yardım istəyənlər arasında artan məyusluqlarla üzləşən Ərdoğan bazar ertəsi baş verən zəlzələnin fəsadlarına qarşı təcili tədbirlərlə bağlı problemlərin olduğunu etiraf edib.
"Belə bir fəlakətə hazır olmaq mümkün deyil. Vətəndaşlarımızın heç birini qayğısız qoymayacağıq" - deyə, Ərdoğan bildirib. O, qış havasına və zəlzələnin Hatay hava limanındakı uçuş-eniş zolağının dağılması səbəbilə yaranan problemlərə işarə edib.
Xilasedicilər hələ də dağıntıar altından sağ qalanları çıxara bilib. Bəzən isə çağırış səsləri eşitsələr də, lazımi avadanlıq və təcrübə olmadığından onlara yardım edə bilməyiblər.
Ərdoğan zəlzələdən birbaşa təsirlənən 10 vilayətdə 7 günlük milli matəm və 3 aylıq fövqəladə vəziyyət elan edib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyədə dağıntılar altından 8 mindən çox insanın çıxarıldığını, təxminən 380 min insanın isə hökumətin ayırdığı sığınacaqlara və ya otellərə yerləşdirildiyini bildirib. Onlar gecələri alış-veriş mərkəzlərində, stadionlarda, məscidlərdə və icma mərkəzlərində, bəziləri isə gecəni açıq havada, yorğan-döşəyə bürünərək tonqalların ətrafına toplaşaraq keçirir.