Türkiyə və Suriyadakı xilasetmə qrupları bazar ertəsi bölgədə baş verən və indiyədək 19 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələlər nəticəsində dağıntılar altında sağ qalanları xilas etmək üçün zaman və avadanlıq çatışmazlığı ilə mübarizə aparır.
Ölkənin Təbii Fəlakətlərlə Mübarizə agentliyi cümə axşamı bildirib ki, xilasetmə işlərinə 110 minə yaxın insan cəlb olunub və zəlzələdən əziyyət çəkən ölkəyə yardım etmək üçün traktor, kran, buldozer və ekskavator kimi 5500 avadanlıq göndərilib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Qaziantep şəhəri və Türkiyə-Suriya sərhədi yaxınlığında zəlzələnin episentrinə yaxın əraziyə gedib.
Yaxınlarını axtaran və ya hökumətdən yardım istəyənlər arasında artan məyusluqlarla üzləşən Ərdoğan bazar ertəsi 7.8 bal gücündəki zəlzələnin fəsadlarına qarşı təcili tədbirlərlə bağlı problemlərin olduğunu etiraf edib.
"Belə bir fəlakətə hazır olmaq mümkün deyil. Vətəndaşlarımızın heç birini qayğısız qoymayacağıq" Ərdoğan deyib. O, qış havasına və zəlzələnin Hatay hava limanındakı uçuş-eniş zolağının dağılması səbəbilə yaranan problemlərə işarə edib.
Hatayda həyat yoldaşı və iki uşağı çökmüş binanın dağıntıları altında qalan Erdal Kahiloğulları məyusluğunu Amerikanın Səsinin Türk Xidməti ilə bölüşüb. Hatay vilayətində 3300-dən çox insan həyatını itirib.
"Yaxşı, hamı insandır. Bəs 80 vilayət kifayət deyilmi? 80 vilayət 10 vilayətə necə yardım etməz? 10 saat gecikmək normaldır, amma yardım etmək üçün iki gün gecikmək? Suyumuz belə yoxdur" - deyə, o, Türkiyənin vilayətlərini nəzərdə tutaraq bildirib.
İnsanlar dağıntılar altından sağ çıxarılan və tibbi yardım üçün xəstəxanalara aparılan zaman axtarış yerləri sevincə qərq olub. Lakin dağıntılarda axtarış həm də itkilərin sayının artması deməkdir.
Rəsmilər Türkiyədə azı 17134 nəfərin öldüyünü, 70 mindən çox insanın yaralandığını bildirib.
Ərdoğan zəlzələdən birbaşa təsirlənən 10 vilayətdə 7 günlük milli matəm və 3 aylıq fövqəladə vəziyyət elan edib.
Dəməşq hökuməti və xilasetmə qruplarının məlumatına görə, yavaş reaksiya ilə bağlı oxşar şikayətlərin olduğu Suriyada azı 3162 nəfər ölüb.