Türkiyədə xilasedicilər bölgədə baş verən silsilə zəlzələlərdən təxminən 200 saat sonra çərşənbə axşamı dağıntılar altından daha bir neçə nəfəri sağ çıxarıb.
Ən son xilasetmə əməliyyatları zamanı Adıyaman vilayətində uçmuş binanın dağıntıları altından bir, Kahramanmaraşın mərkəzində, zəlzələnin episentrinə yaxın bir binanın altından isə iki nəfər xilas edilib.
Türkiyə televiziyasında xilasetmə ilə bağlı səhnələrini yayımlayıb, lakin mütəxəssislər bu qədər müddətdən sonra çökmüş binaların qalıqları altından insanları sağ tapmağın mümkünlüyünün azalması ilə bağlı xəbərdarlıq edib.
Hatay vilayətinin Samandağ yaşayış məntəqəsinin sakinləri hökumətin sağ qalanların axtarışına kifayət qədər diqqət yetirmədiyindən şikayətlənib.
Zəlzələdən sağ çıxanlardan biri Amerikanın Səsinin Türk xidmətinə deyib ki, yardımlar hökumət tərəfindən deyil, könüllülər və icmaların səyləri ilə edilir.
"Bir qadını və körpəsini dağıntılar altından xilas etdik. Sağ idilər. Öz səylərimizlə. Öz alətlərimizlə, öz çəkiclərimizlə. Yanımda çoxlu dostum var idi. Bu qəbuledilməzdir," sağ qalan şəxs bildirib.
Türkiyə hakimiyyəti Qaziantep bölgəsində baş verən güclü zəlzələ nəticəsində azı 31 643 nəfərin öldüyünü bildirib.
Birləşmiş Millətlər Təşkilatının bazar ertəsi bildirdiyinə görə, Suriyanın şimalında sərhəddə 4300-dən çox insan ölüb, 7600 nəfər yaralanıb.
BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriyada zəlzələdən zərər çəkənlərə yardım üçün Birləşmiş Millətlər Təşkilatına Türkiyədən əlavə iki sərhəd keçid məntəqəsindən müvəqqəti istifadə etməyə icazə verəcək.