Türkiyənin Düzcə vilayətində 6,0 bal gücündə zəlzələ olub. Zəlzələ İstanbul və Ankara da daxil olmaqla, yaxınlıqdakı bir çox şəhərdə hiss olunub.
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 6,1 bal gücündə olduğunu bildirsə də, Kandilli Rəsədxanası zəlzələnin 6,0 bal gücündə olduğunu deyib.
Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) saytındakı məlumata görə, episentri Düzcə vilayətinin Gölyaka rayonunda müəyyən edilən zəlzələ yerli vaxtla saat 4:08 də baş verib.
AFAD-dan verilən ilk açıqlamada "Bölgədə nəzarət məqsədi ilə elektrik kəsilməsi yaşanır" deyə, bildirilib.
AFAD-ın son açıqlamalarına görə, əksəriyyəti İstanbul, Zonquldak və Bolu olmaqla, zəlzələnin hiss olunduğu vilayətlərdə ümumilikdə 68 nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.
Səhiyyə naziri Fahrettin Koca məsələ ilə bağlı açıqlamasında biri ağır olmaqla, 68 nəfərin yaralandığını, ağır yaralanan şəxsin birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini bildirib. Nazir 26 nəfərin xəstəxanalarda müalicəsinin davam etdiyini deyib.
AFAD-ın son açıqlamasında bildirilib ki, səhər saat 10:00-a qədər daha 106 yeraltı təkan qeydə alınıb ki, onlardan ən güclüsü 4,3 bal gücündə olub.