Türkiyə zorakılıq səbəbindən Suriya ilə bir neçə sərhəd keçid məntəqəsini bağlayıb

Suriyada İnsan Haqlarının Müşahidəsi Qrupu və başqalarının bildirdiyinə görə, Türkiyədəki vətəndaşlarına qarşı zorakılığa etiraz edən suriyalıların Suriyadakı türk əsgərlərini atəşə tutulmasından bir gün sonra Türkiyə Suriyanın şimal-qərbindəki bir neçə sərhəd keçid məntəqəsini bağlayıb.

Türkiyə polisi ölkə daxilində suriyalılara qarşı hücumlarda şübhəli bilinən təxminən 475 nəfəri saxlayıb.

İğtişaşlar bazar günü sosial şəbəkələrdə suriyalı bir kişinin 7 yaşlı suriyalı qıza cinsi təcavüz etməsi ilə bağlı xəbərlərdən sonra başlayıb. Kayseri şəhərində suriyalılara məxsus avtomobillər və bəzi mağazalar yandırılıb. Qəzəbli sakinlər suriyalılardan ölkəni tərk etmələrini istəyib.

Kayseri məhkəməsi zorakılıq etdiyi iddia edilən şəxsin həbsinə qərar verib və Yerlikaya hadisənin araşdırıldığını bildirib.

"Uşaq və ailəsi dövlətimizin himayəsindədir" - deyə, ədliyyə naziri Yılmaz Tunc bildirib.

Bu arada, Türkiyənin MİT kəşfiyyat agentliyi zorakılıqların azı dörd vilayətə yayıldığını bildirib. Sosial media yaralı suriyalıları nümayiş etdirdikdən sonra Türkiyənin minlərlə əsgərinin yerləşdiyi Suriyanın şimal-qərbində, üsyançıların nəzarətində olan sərhəddə zorakılıqlar baş qaldırıb.

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Afrin şəhərində türk hərbçiləri ilə silahlı nümayişçilər arasında atışma nəticəsində azı 4 nəfər ölüb.

Suriyanın şimalında dinc sakinlər türk konvoylarına daş atıb və türk bayraqlarını yıxıb.

İğtişaşlar Bab Əl-Həva və Bab Əl-Səlam da olmaqla, Türkiyənin bir neçə sərhəd keçid məntəqəsinin bağlamasına səbəb olub. Bab Əl-Həva 3 milyondan çox sakin və ticarət üçün əsas keçid məntəqəsidir.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan xaosa görə terror təşkilatları ilə əlaqəli qrupları günahlandırıb.

Ərdoğan "Nə biz, nə də suriyalı qardaşlarımız bu hiyləgər tələyə düşməyəcəyik. Biz irqçi vəhşiliklərə boyun əyməyəcəyik" deyib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda Türkiyə milyonlarla suriyalı qaçqını qəbul edib. BMT-nin məlumatlarına görə, onlardan ən azı 3,2 milyonu ölkədə qalıb. Türkiyə tez-tez sosial mediada və ya mesajlaşma proqramlarında yayılan şayiələrdən qaynaqlanan ksenofob zorakılıq halları ilə üzləşib.

"Cəmiyyətdə ksenofobiya və qaçqınlara nifrət yaratmaqla nəyəsə nail olmaq mümkün deyil" - deyə, Ərdoğan bildirib.

Ərdoğan və Suriya prezidenti Bəşar Əsəd Türkiyənin Suriyadakı vətəndaş müharibəsi səbəbindən Suriya ilə əlaqələri dayandırmasından sonra ikitərəfli münasibətləri bərpa etmək üçün keçən həftə görüşüb.