Türkiyə polisi evlərdə və idarələrdə axtarışlar aparır [Fotoqalereya]

Türkiyədən son görüntülər

Artıq üç həftəyə yaxındır Türkiyədə hökumət əleyhinə davam edən nümayişlərdə iştirak edən onlarla insanın həbs edildiyi, polisin evlərdə və idarələrdə axtarışlar apardığı bildirilir.

Türkiyənin daxili işlər naziri Müəmmar Gülər bu gün İstanbulda 62 nəfərin, Ankarada isə 23 nəfərin həbs edildiyi barədə xəbəri təsdiq edib. Dövlətin TRT kanalı Eskişəhərdə 13 nəfər olmaqla, digər şəhərlərdə də bir çox insanın həbs edildiyini bildirib.

Polis etirazlarını qeyri-adi yolla, bir neçə saat hərəkətsiz dayanaraq nümayiş etdirənləri İstanbulun Taksim Meydanından çıxarıb. Ankaranın hökumət idarələrinin yerləşdiyi Kızılay bölgəsində isə polis yüzlərlə nümayişçiyə qarşı gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının başçısı Nevi Pillay etirazçılara qarşı güc tətbiq edən Türkiyə rəsmiləri və təhlükəsizlik qüvvələrininın cəzalandırılmalı olduğunu deyib.

Baş qərargahı Nyu-Yorkda yerləşən İnsan haqları təşkilatı Human Rights Watch Türkiyə hökumətinin təcili olaraq polisin hadisələrə müdaxiləsi ilə bağlı siyasətini dəyişməli olduğunu deyib.

Türkiyədə hökumətə qarşı etirazlar başlanandan bəri biri polis işçisi olmaqla 5 nəfərin öldüyü, 7500-ə yaxın insanın yaralandığı deyilir.