“Türk axını”nın regiona və Azərbaycana təsirləri (ekspert rəyləri)

Rusiya və Türkiyə oktyabrın 10-da qaz sahəsində bütün mübahisəli və həll edilməmiş məsələlərin tənzimlənməsində irəliləyib. Energetika nazirləri "Türk axını" üzrə hökumətlərarası saziş imzalayıb.

Prezidentlər Vladimir Putinin və Ərdoğanın iştirakı ilə sazişi Rusiya energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak imzalayıb.

Putinin sözlərinə görə, Moskva və Ankara qazın qiymətində ucuzlaşma barədə razılığa gəliblər. Ərdoğan isə öz növbəsində qeyd edib ki, "Türk axını" üzrə işlər sürətləndiriləcək.

Saziş Qara dənizin dibi ilə qaz kəmərinin iki qolunun çəkilməsini nəzərdə tutur. Onların hər birinin gücü 15,75 mlrd kubmetr olacaq. Bunlardan biri Türkiyə bazarına, digəri Avropaya tranzit üçündür.

Sənədə əsasən, dəniz hissəsi 2019-cu ilin dekabrına kimi tikilməlidir.

Energetika naziri Aleksandr Novak deyib ki, kəmərin quru hissəsi Türkiyə şirkətinin, dəniz hissəsi Rusiya şirkətinin olacaq. “Rusiya dəniz hissəsini tikəcək, quru hissəsini isə Türkiyə şirkəti, yəqin ki, Botas tikəcək”, -deyə TASS agentliyi sitat gətirir. İkinci qol üçün birgə müəssisə yaradılacaq.

Nazir deyib ki, sənəddə birgə şirkətin yaradılmasının parametrləri göstərilmir. O deyib ki, bunu “Qazprom” və Botas müəyyən edəcək, “bəlkə də, törəmə cəmiyyətlər yaradılacaq”. Novak deyib ki, birgə şirkət tikintinin operatoru, eləcə də qaz kəmərinin öz hissəsinin istismarı ilə məşğul ola bilər.

Novak deyib ki, İstanbulda danışıqlar zamanı "Türk axını"nın üçüncü və dördüncü qolu müzakirə edilməyib.

Putinin sözlərinə görə, qaz sahəsində sazişlər Ankaraya Türkiyədə energetika qovşağı yaratmaq arzusunu reallaşdırmaq imkanı verəcək.

Türkiyə isə təkcə Rusiya qazına bel bağlamaq istəmir. Bazar ertəsi Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Türkiyə tezliklə digər layihəni – TANAP-ı həyata keçirmək istəyir.

Türkiyə 2007-ci ildən “Şahdəniz” qazı idxal edir. 2018-ci ilin II yarısından “Şahdəniz-2” qazı da alacaq. ТАР qaz kəməri başa çatandan sonra Azərbaycan qazı 2020-ci ildə Avropaya tədarük ediləcək.

Türk axını

"Türk axını" Rusiyadan Türkiyəyə qaz kəməri çəkilməsini nəzərdə tutur. O, Anapadan Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsində Kıyıköyə, sonra Türkiyə-Yunanıstan sərhədində İpsalaya çatacaq. Qaz kəmərinin dəniz hissəsi köhnə “Cənub axını” dəhlizi ilə 660 km uzanacaq, 250 km yeni dəhlizlə Türkiyənin Avropa hissəsində olacaq. Kəmərin quru hissəsi 180 km olacaq, Türkiyənin Qara dəniz sahilindən Türkiyə-Yunanıstan sərhədinə çəkiləcək. Boru kəmərinin iki xəttinin qiyməti 6 mlrd avro qiymətləndirilir.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə Facebook səhifəsində Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycan təsirləri barədə yazıb.

Onun fikrincə, tarixən Rusiya-Türkiyə yaxınlaşması Azərbaycanın ziyanına olub.

“Rusiya-Türkiyə arasında "Türk axını" layihəsi imzalandı, 1 mlrd. dollarlıq birgə investisiya fondu yaradıldı, ümumi ticarət dövriyyəsinin 5 dəfə artırılması haqqında qƏrar verildi - iki ölkə arasında ciddi yaxınlaşma baş verir, bu tək iqtisadi yaxınlaşma deyil, hər iki ölkə anti-Qərb mövqeyində də yaxınlaşıb. Bir tək Əsəd məsələsi qalıb, orada da anlaşsalar aralarında sorun qalmayacaq. Tarixən Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana ciddi ziyanla bitib”, o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Türk axını” layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə təsirlərinin olmayacağını düşünür. Ekspert eyni zamanda müəyyən risklərdən də yazıb.

İlham Şaban Facebook səhifəsində yazır ki, Türkiyə və Rusiya arasında dünən "Türk axını" ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən 2 boru kəmərinin tikintisi nəzərdə tutulur.

“Bunlardan biri - 15,75 mlrd m3-luq Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir. İkinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb. Əgər birinci boru kəməri üzrə bildirilirsə ki, quru hissəninin sahibi türki şirkətidir, ikinci haqda hələ ortaq fikir yoxdur. Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edir.

Cənub qaz dəhlizi layihəsi

​Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya AvropaKomissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, Şimal Axını-2 kimi layihələrin müzakirəsindən keçir. Yəni konsensus necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq.

Ona görə də "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı. Türkiyə bazarına "Türk axını" ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kub metr çox qazın artması planlaşdırırılır. Bu elə də böyük həcm deyil, ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar. Gazprom şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb. Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini $150-dan satıb. Yəni Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq bəzən müəyyən zaman çərçivəsində hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km. uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar”, Şaban qeyd edib.