Qəbələdə Türkdilli Dövlətlərin 3-cü zirvə toplantısı olub

Türkdilli Dövlətlərin Zirvə toplantısı

Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri iştirak edib
Avqustun 16-da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III zirvə toplantısı keçirilib.

AzərTAc agentliyinin məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev iştirak edib.

Zirvə toplantısını Qırğızıstan prezidenti Almazbek Atambayev açıb və
sonra sədrlik Azərbaycana keçib.

Forumda təmsil olunan bütün dövlətlərin təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

Çıxışlarda türkdilli dövlətlər arasında iqtisadi-ticarət, mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi, tarixi İpək Yolunun bərpası, Ermənistan Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatdırılmasının vacibliyinə toxunulub.

Prezident İlham Əliyev deyib ki, ttürk dünyasını dünyaya tolerantlıq mərkəzi kimi təqdim etməyə çalışmaq lazımdır.

Türkdilli Dövlətlərin Zirvə toplantısı

“Üstünlüyümüz olan demoqrafik vəziyyət ciddi iqtisadi inkişafla tamamlanmalıdır. Demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artarsa, bu, böyük güc olar. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti də önəmlidir. Biz bu sahədə işlər görür, diaspor təşkilatlarımızın qurultayını təşkil edirik. Milyonlarla soydaşlarımızı təşkilatlandırmaq üçün işlər görürük”, o qeyd edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafının vacibliyindən danışıb.

“Hazırda altı müstəqil türkdilli ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon 150 milyard dollar təşkil edir. Lakin bu rəqəm ölkələrimizin potensialını əks etdirmir. Biz iqtisadi münasibətlərimizi daha da gücləndirməli, ticarət dövriyyəsini artırmalıyıq”.
Prezident ölkələrin iqtisadi gücünün artırılmasında prioritet hesab etdiyi sahələri də sadalayıb.

“Nəqliyyat və kommunikasiya sahəsinin inkişafı ölkələrin iqtisadiyyatının əsası gücünü təşkil etməlidir. Bundan başqa, təklif edirəm ki, turizm sahəsinin inkişafı üzrə işçi qrup yaradılsın”.

O ölkəsinin 2020-ci ilə qədər tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər isə on dəfə artırmağı planlaşdırdığını vurğulayıb.

Türkiyə prezidenti Abdulla Gül deyib ki, türkdilli dövlətlər Avropa və Asiyanı, şimal və cənubu bağlayan regionda yerləşir.

“Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Qars layihəsidir. Bu dəmir yolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiyaya – Çinə gedəcək. Bu, gələcəkdə oyunları dəyişdirən bir layihə olaraq qalacaq. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır”.

A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib.

Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi olub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasının baş katib səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərar imzalanıb.

Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşündə yaradılıb. TDƏŞ-in I Zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II Zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilib.