Təbriz Universitetində təsis edilmiş Türk Dili və Ədəbiyatı bölümünün başqanı Əhməd Fərşbafiyan bölümdə dilin “milli əlifba və Təbriz ləhcəsi” əsasında tədris ediləcəyini ifadə edib.
İran Azərbaycanında fəaliyyət göstərən medianın məlumatına görə, Fərşbafiyan bu mövzunu sentyabrın 6-da mətbuat nümayəndələri ilə görüşündə gündəmə gətirib. Onun Türk Dili və Ədəbiyyatı bölümü başqanlığına gətirilməsi də həmin məlumatla bərabər ortaya çıxıb.
“Bu bölümdə Bakı məktəbi əsasında deyil, milli əlifbamız və Təbriz ləhcəsi əsasında tədris ediləcək,” deyə bölümün başqanı dilə gətirib.
Universitet Cihadı qurumu Şərqi Azərbaycan şöbəsinin keçmiş sədri mətbuat nümayəndələri ilə görüşündə həmçinin kimlik məsələsinə diqqət çəkərək milli fəalları “irqçi” və “etnosentrist” adlandırıb.
“Bir qrup irqçi problem çıxararaq kimlikdən dəm vururlar. Halbuki, bizim kimlik İslamiyyət, İran milliyyəti və Azəri etnikindən təşkil olunur, bunlardan biri məhv olsa biz kimliyimizi itirəcəyik... Türk Dili və Ədəbiyyatının tədrisi ilə qövmiyyətçilərin (milli fəalları qəsd edir) biznesi əllərindən alınacaq,” deyə o söyləyib.
Türk fəallara qarşı çıxışları ilə tanınan Əhməd Fərşbafiyan daha əvvəl güneyli fəalların Azərbaycan Respublikasında təşkil etdiyi seminar və tədbirlərə etiraz bildirib.