Ukrayna Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılmasına göstəriş verib

Ukrayna Rusiyanın hərbi attaşesinin məxfi sənədləri ələ keçirdiyinə görə ölkədən çıxarılmasına göstəriş verib.

Ukraynanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, adı açıqlanmayan diplomat dünən nəzarət altına alındıqdan sonra persona non qrata elan edilib.

Ukraynanın Təhlükəsizlik Xidməti onun Rusiyanın kəşfiyyat agenti olduğunu və Ukrayna-NATO hərbi və siyasi əməkdaşlıq sənədlərini topladığını bəyan edib.

Moskva məsələyə münasibət bildirməyib.

Bu arada, Ukraynanın müvəqqəti prezidentinin ölkənin iki şərq regionunda Rusiya tərəfdarı separatçıların hərəkatını yatırmaq üçün aciz olduğunu deməsindən bir neçə saat sonra Ukrayna ordusu Kiyevdə təhlükəsizlik əməliyyatlarına başlayıb.

Rusiya tərəfdarı qüvvələrin aqressiv davranışına qarşı tam hazır vəziyyətə gətirilmiş Ukrayna ordusu bu gün təlimlərə başlayıb.

Ukrayna prezidenti vəzifəsini icra edən Oleksandr Turçinov çərşənbə axşamı Kiyevdə region qubernatorlarına Donetsk və Luqansk regionlarında bəzi hərbi qüvvələrin terrorçu təşkilatlarla əlbir olduğunu deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Kiyevin şərq regionundakı opponentləri ilə dialoqa girməli olduğunu bildirib.

Donetsk də daxil edilməklə, Ukraynanın şərqdəki sənaye regionunun onlarla şəhərini nəzarəti altına alan separatçılar Ukraynadan ayrılmaq məqsədilə referendumun may ayının 11-də keçiriləcəyini elan ediblər.

Rusiyapərəst nümayişçilər bu gün Donetskdə prokurorluq binasını ələ keçirib. 1 milyon əhalisi olan bu şəhərdə separatistlər binanın şüşələrini sındırıb. Donetskin əksər hissəsi separataistlərin nəzarəti altındadır.