"Formula-1" 2019 Azərbaycan Qran-Prisinin keçirilməsilə bağlı təşkilati məsələlərə məsul olan Baku City Circuit Əməliyyat Şirkəti yarışların işıqlandırılması üçün Turan İnformasiya Agentliyinin akreditə etməkdən imtina edib. Heç bir şeylə əsaslandırılmayan imtina aprelin 22-də şifahi formada edilib. Halbuki, agentlik hələ 2019-cu ilin yanvarında yazılı müraciət edib. Bu barədə Turan Agentliyi məlumat yayıb.
"Agentlik bu aktı açıq ayrı-seçkilik, agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması və Azərbaycanda söz azadlığının məhdudlaşdırılması ilə bağlı dövlət siyasətinin davam etməsi kimi qiymətləndirir", məlumatda qeyd edilir.
Bundan öncə Turan Agentliyi Baku City Circuit Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəisi Nigar Arpadaraiyə informasiya sorğusu göndərib və qanunvericiliklə müəyyən edilmiş formada yazılı açıqlamaya nail olmağa çalışıb. İnformasiya sorğusunda deyilir:
"Turan İnformasiya Agentliyinin müxbiri Formula-1 Azərbaycan Qran-Prisinin işıqlandırılması üçün Baku City Circuit əməliyyat şirkətinin (Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)) vasitəsilə onlayn-qeydiyyatdan bu ilin yanvar ayında keçib. Yarışma 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Lakin aprelin 22-də şifahi formada akkreditədən imtina edilib.
Bizim agentlik 2017-2018-ci illərdə Bakıda keçirilmiş Formula-1-i işıqlandırmaq üçün akkreditə almışdı. Yarışlar zamanı bizim işin nəticələrilə bağlı agentliyin ünvanına hər hansı irad olmayıb.
Agentlik bu aktı açıq ayrı-seçkilik, agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması və Azərbaycanda söz azadlığının məhdudlaşdırılması ilə bağlı dövlət siyasətinin davam etməsi kimi qiymətləndirir.Turan İnformasiya Agentliyinin məlumatından sitat
Yaranmış qeyri-sağlam vəziyyətlə əlaqədar "KİV haqqında" və "İnformasiya azadlığı haqqında" qanunların müəyyən etdiyi əsaslarla və müddətdə aşağıdakı sualları yazılı formada cavablandırmağı xahiş edirik:
1. Akkreditədən imtina barədə qərarı kim qəbul edib?
2. Akkreditədən imtina barədə qərar nə ilə əsaslandırılıb?
3. Hansı dövlət strukturları akkreditədən imtina barədə qərarın qəbuluna çalışıb?
4. Hansı KİV-lər (adbaad) akkreditə alıb?
5. Hansı KİV-lərə (adbaad) akkreditədən imtina edilib?
Azərbaycan Formula-1 Qran Pri yarışlarını 2016-cı ildən təşkil edir.
Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan daha 2 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.
Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.
Rəsmilər Azərbaycanda Formula-1 Qran-Pri yarışlarına ümumilikdə çəkilən xərcləri indiyədək açıqlamayıb.
"Formula-1" 2019 Azərbaycan Qran-Prisinin keçirilməsilə bağlı təşkilati məsələlərə məsul olan Baku City Circuit Əməliyyat Şirkəti Turan Agentliyinin müxbirinin akreditə edilməməsinin səbəbləri ilə bağlı hələ şərh verməyib.