Tunisdə parlament seçkilərinin nəticələri hesablanır

Tunisin mərkəzi seçki komissiyası ölkədə yanvar ayında yeni konstitusiyanın qəbul edilməsindən sonra ilk dəfə keçirilmiş parlament seçkilərinin nəticələrinin hesablanmasına başlayıb.

İlkin nəticələrin bazar ertəsi, yekun nəticələrin isə cümə axşamı günü elan ediləcəyi gözlənilir.

Səsvermədən öncə mötədil islamçı Ənnahda partiyasının və dünyəvi Nida Tounes partiyasının parlamentdə yerlərin çoxunu qazanacağı gözlənilirdi.

Nida Tounes partiyasının rəhbəri Beci Kaid Essıbsi onun patiyasının səsvermədən sonra irəlidə getdiyinə dair müsbət işarələrin olduğunu bildirib.

Seçkilərdə 90-a yaxın siyasi partiya iştirak edib. Bu, 2011-ci ildə sabiq prezident Zine Əl Abidin Ben Əlinin devrilməsindən sonra ölkədə demokratik istiqamətində atılmı daha bir addım hesab edilir.

Ənnahda partiyası inqilabdan sonra keçirilən seçkilərdə üstünlüyə malik olub. Partiyanın rəhbəri Raşid Ğannuçi bazar günü səsverməni tarixi bir addım adlandırıb.