Cəmil Həsənli təvazökar insandır. Özü haqda çox danışmağı sevmir. Bəlkə də Sovet tarixini bütün xırdalıqları ilə bilməsindən irəli gəlir. Şəxsiyyətə pərəstişin normal etiket hüdudlarını aşdığı bir cəmiyyətdən çıxmış tarixçi başqa mövzularda biliklərini paylaşmağa üstünlük verir.
Bu yaxınlarda haqqında Birləşmiş Ştatlarda kitabı dərc olunduğu SSRİ-Türkiyə münasibətləri haqda soruşmaq istəyirsən, buyur. İran azərilərinin ağrılı keçmişi və bu günü haqda sualları məmnunluqla cavablandırsın. Amma Azərbaycanı dünyanın ən nüfuzlu akademik dairələrinə tanıtmış Cəmil bəy özünə gəldikdə bəlağətdən büsbütün yayınır.
“Çox qəribədir ki həyatımın ən həlledici anlarını təsadüflər müəyyən edib,” Cəmil bəy deyir.
Dəhlizdə başqa abityurentlərlə imtahandan öncə söhbətləşən Cəmili müşahidə edən müəllim Rəfael Süleymanov gənci yanına çağırır. “Bizə elə sənin kimi adamlar lazımdır.” Bu sözlərlə də Cəmil Həsənlinin tarixçi həyatı start götürür.
İndi onlar həmkardırlar.
“Bizim münasibətlər həmişə müəllim-kolleqa səviyyəsində yaxın və səmimi olub. Amma kolleqa kimi və tanınmış istedadlı tarixçi alim kimi Cəmil Həsənli haqda bir şeyi qeyd etməliyəm. Cəmil Həsənli bir tədqiqatçı kimi regionşünaslıq çərçivəsi dışında daha görkəmli əsərlər müəllifidir. Və çalışmalarının böyük qismi beynəlxalq münasibətlər, xüsusilə, Amerika və Sovetlər Birliyi arasındakı münasibətlər - İkinci Cahan Müharibəsindən öncə və əvvəlki illərdə baş verənlər barədə çox dəyərli, olduqca ağırlıqlı əsərlərin müəllifidr… Mən deyərdim ki, Azərbaycan tarixçiliyində Cəmil bəy ön sırada dayanan və dünya tarix elminin Avropa, Amerika, Türkiyə, İran tarixçilərinin üzərində çalışdıqları mövzulara yenilik gətirmiş bir alimdir,” deyə professor Əliyarlı bildirir.
Cəmil bəy haqda xoş emosiyaları və müsbət düşüncələri təkcə onun müəllimləri və həmkarları deyil, onun uzun müddət əvvəl tələbələri olmuş adamlar da paylaşır. Cəmil bəyin tədrisindən ilhamlanaraq gələcəyini tarix peşəsinə bağlamış Bakı Sosial Pedaqoji Kollecdə tarix müəlliməsi qismində çalışan Səlimə Qasımova deyir: “O dövrdə gənc tarixçi alim olan Cəmil müəllim öz dərin dünyagörüşü, müsbət mənəvi keyfyyətləri, alicənablığı ilə çoxlarından fərqlənirdi. Bir insan haqqında nə qədər gözəl sözlər söyləmək mümkündürsə, bu sözləri Cəmil müəllimə ünvanlamaq olar.”
Cəmil bəyin sözlərinə görə, 1970-ci illər Azərbaycanda milli tarixçilər nəslinin yetişdiyi dövrə təsadüf edirdi. Cəmil bəy siyasi baxışlarının təkamülünü Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və o zaman universitetdə millətçilik ideyalarını yayan Əbülfəz Elçibəylə bağlayır.
1980-ci illərin sonunda istiqlaliyyət hərəkatının fəal iştirakçısı olmuş Cəmil Həsənli ustadı Əbülfəz Elçibəyin irsini ardıcıl şəkildə davam etdirməyə başladı. Tarixçi kimi onlarla kitab dərc etdirən Cəmil bəy millətinnin ehtiyac duyduğu məqamda siyasətdən kənarda qalmamağa qərar verdi. Seçkilərin az-çox milli iradəni əks etdirdiyi dönəmlərdə Cəmil Həsənli millət vəkili oldu. Xalqın səsini parlament tribunasından duyurdu.
“Mən Cəmil bəy çox ölçülü atributlu şəxsiyyət kimi səciyyələndirərdim. Allah insanı pareto optimal yaradır - yəni, kimə nəyisə verəndə başqa yerdən alır. Amma elə insanlar var ki, Allahın sevgisinə tuş gəlir. Onda Allah çox şeyi əsirgəmir. Bax Cəmil bəy belə şəxsiyyətlərdəndir – mənim dostum.”
Qəlbi millət sevgisi ilə döyünən Cəmil Həsənli başqa bir dövrdə, başqa bir mühitdə yəqin ki, bütün vaxtını tarixi araşdırmalara, keçmişin sirlərini üzə çıxarmağa həsr edərdi.
Amma zülmə qarşı haqq səsini qaldırmış bir çox tarixi şəxsiyyətlər kimi Cəmil bəy siyasi fəaliyyətini zəmanənin çiyinlərinə qoyduğu məsuliyyət yükü, gələcək nəsillər qarşısında borc kimi görür. Tarix peşəsinə olan sevgisi Cəmil bəyin millət sevgisini üstələmir.