Donald Tramp fırıldaqçılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda məhkəmə zalına daxil olmazdan əvvəl jurnalistlərlə danışır, 2 oktyabr, 2023.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi özünə və ailə biznesinə qarşı fırıldaqçılıq ittihamı ilə Nyu Yorkda məhkəmə qarşısına çıxıb.

Ştatın baş prokuroru Letisiya Ceymsin ofisinin vəkili Kevin Uolles giriş sözündə Trampın on il ərzində banklara və sığortalara maliyyə vəziyyətini "qeyri-dəqiq" şəkildə açıqladığını deyib.

2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik iddiasında olan Tramp daha yaxşı kredit və sığorta şərtləri əldə etmək üçün aktivlərinin dəyərini milyardlarla dollar şişirtməkdə ittiham olunur.

"Bu, ən böyük ifritə ovunun davamıdır", Tramp Manhettenin mərkəzindəki məhkəmənin zalına girməzdən əvvəl deyib.

O, yenə afro-amerikalı olan Ceymsi "irqçi" adlandırıb və Demokrat prokurorun ondan qisas aldığını deyib.

Ceyms ofisinin iddianı sübut etməyə hazır olduğunu bildirib. "Pulunuzun nə qədər olmasından asılı olmayaraq, heç kim qanundan üstün deyil" - deyə, o, məhkəmə zalına girməzdən əvvəl deyib.

Trampın məhkəməsi işə sədrlik edən hakim Artur Enqoronun Trampı, onun oğulları və 10 şirkətini fırıldaqçılıqda təqsirli tanımasından 6 gün sonra baş tutub.

Ceyms 250 milyon dollardan az olmayaraq cərimə, Tramp və onun oğulları - Donald və Erikin Nyu Yorkda bizneslə məşğul olmalarına daimi qadağa, Tramp və "Trump Organization" təşkilatının kommersiya daşınmaz əmlak sahəsində fəaliyyətinə 5 il qadağa qoyulmasını istəyir.

Ceyms iddia edir ki, Tramp aktivlərinin dəyərini “inanılmaz dərəcədə” şişirtməklə, kreditorlar və sığortalardan qanunsuz olaraq yüz milyonlarla dollar əldə edib.

Ceyms Trampın sənədlərdə Mar-a-Laqo-da iqamətgahın dəyərinin 739 milyon dollar olduğunu, lakin bazar dəyərinin qiymətləndirilməsinə görə, əmlakın 28 milyon dollardan çox ola bilməyəcəyini qeyd edib.

Trampa qarşı daha dörd cinayət işi ilə bağlı ittihamlar irəli sürülüb.