Tramp deyir ki, Putin Ukraynada sülh razılaşmasına nail olmamaqla Rusiyanı “məhv edir”

ABŞ prezidenti Donald Tramp Kreml lideri Vladimir Putinin Ukrayna müharibəsinə son qoymaq üçün razılaşmadan imtina edərək Rusiyanı “məhv etdiyini” deyib və konkret vaxt çərçivəsi göstərmədən əlavə edib ki, o, yaxın vaxtlarda Putinlə danışa bilər.

“O, razılığa gəlməlidir. Məncə, o, razılaşma əldə etməməklə Rusiyanı məhv edir”, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evə gələrkən jurnalistlərə deyib.

“Düşünürəm ki, Rusiya böyük bəlaya düçar olacaq. Əksər insanlar düşünürdü ki, müharibə bir həftəyə bitəcək” - deyə Tramp Putinin apardığı müharibə ilə bağlı belə göründüyü kimi ən tənqidi açıqlamalarını verib.

“Düşünürəm ki, bu müharibəni bitirmək onun üçün çox yaxşı olardı”, Tramp bildirib.

Rusiya müharibədə yüz milyardlarla dollar itirib, təqribən 700 min itki verib və qonşularını qorxutmaqla yanaşı, rublun dəyərdən düşməsi ilə gəlirli Avropa qaz bazarı və Qərbin maliyyə bazarlarına çıxış imkanlarını qurban verib.

Kreml büdcəsinin təxminən 40 faizini orduya xərcləyir və faiz dərəcələri 20 faizdən yuxarı olsa belə, inflyasiyaya nəzarət etməkdə çətinlik çəkir. Bunun müqabilində Rusiya Ukraynada xarabalığa çevrilmiş əraziləri ələ keçirib.

Tramp tez-tez heyranlığını ifadə etdiyi Putinlə nə vaxtsa danışacağını bildirib. Trampın müttəfiqi olan Macarıstanın baş naziri Viktor Orban kimi sağçı siyasi fiqurlar istisna olmaqla, Qərb liderləri Putini siyasi cəhətdən təcrid etmək üçün onunla görüşlərdən və əksər hallarda telefon danışıqlarından yayınıblar.

“Mən [Putinlə] çox yaxşı anlaşırdım. Ümid etmək istərdim ki, o, razılıq əldə etmək istəyir”, Tramp mümkün görüş barədə bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ona müharibəni bitirmək üçün sülh sazişi əldə etmək istədiyini deyib.