Donald Tramp ilk dəfə olaraq prezident qismində bu gün İsrailə səfər edib.
Cənab Tramp Tel-Əvivin Ben-Qurion hava limanında İsrailin baş naziri Benyamin Netanyahunun təşkil etdiyi təntənəli mərasimlə qarşılanıb.
İsrail lideri bazar günü mərasimdə etdiyi çıxışında Trampın bazar günü Səudiyyə Ərəbistanındakı çıxışından sitat gətirərək bildirib ki, İsrail sülhə nail olunmasında eyni səyləri bölüşür və fələstinlilər də daxil olmaqla, bütün qonşularına sülh naminə kömək əlini uzadır.
“Cənab prezident siz dünən bildirdiyiniz kimi İsrail də sülhün əldə olunması üçün eyni səyləri bölüşür. Biz artıq Misir və İordaniya ilə sülh əldə etmişik” deyə İsrailin baş naziri Netanyahu bildirib.
Tramp yüksək rütbəli rəsmilər qarşısında çıxışında indi Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və sülhün əldə olunması üçün nadir imkanın yarandığını bildirib.
“Mən Səudiyyə Ərəbistanına səfərimdə Kral Salman və müsəlman və Ərəb dünyasının digər liderləri ilə görüşdüm. Bu görüşdə biz terrorizm və onun idealogiyasına qarşı mübarizədə geniş əməkdaşlığa dair tarixi razılıq əldə etdik” deyə Donald Tramp bildirib.
Tramp 2014-cü ildə dayandırlımış İsrail-Fələstin sülh danışıqlarını bərpa etməkdə maraqlı olduğuna işarə edib.
ABŞ prezidentinin bazar ertəsi Rivlin və Netanyahu görüşü, həmçinin müqəddəs yəhudi ziyarətgahına gedəcəyi nəzərdə tutulub. Sabah isə prezident Trampın fələstinlilərin prezidenti Mahmud Abbasla görüşü gözlənilir.