Tropik Elza qasırğası Floridanın qərb sahilində leysan yağışlara səbəb olub

Tropik Elza qasırğası çərşənbə axşamı ABŞ-ın Florida ştatında leysan yağışlara səbəb olub. Metereoloqlar qasırğanın mərkəzinin gündüz saatlarında ştatın körfəz sahilinə çatacağını proqnozlaşdırırlar.

Çərşənbə axşamı gec saatlarda qasırğa statusuna yüksələn fırtına gecə saatlarında zəifləyib. ABŞ-ın Milli Qasırğa Mərkəzi fırtınanın tropik fırtına səviyyəsinə düşdüyünü və qurunu vurandan sonra daha da zəifləyəcəyini bildirir.

Metereoloqlar növbəti günlərdə Elzanın Corciya, Cənubi Karolina, Şimali Karolina və Virciniya ştatlarına doğru irəlilədikcə fırtınanın mərkəzinin sahildə qalacağını proqnozlaşdırır.

Floridanın körfəz sahilindəki ərazilərin çoxuna 7-15 santimetr arasında yağışın yağacağı gözlənilir, bəzi yerlərdə isə daşqınlar barədə xəbərdarlıq edilib.

Prezident Co Bayden Floridada fırtınanın təsirinə məruz qalanlara federal yardımı sürətləndirmək üçün fövqəladə vəziyyətlə bağlı bəyannaməni təsdiq edib.

Elza bu il Atlantik okeandakı qasırğa mövsümünün qasırğa səviyyəsinə çatan ilk fırtınadır.