Trampın yaxın siyasi müttəfiqi Rusiya təhqiqatı çərçivəsində ittihamlarda özünü günahkar tanımayıb

ABŞ prezidenti Donald Trampın uzun zamandır siyasi müttəfiqi olan Rocer Stoun çərşənbə axşamı günü Vaşinqtonda federal məhkəməyə gələn zaman, 29 yanvar, 2019.

ABŞ prezidenti Donald Trampın uzun zamandır siyasi müttəfiqi olan Rocer Stoun çərşənbə axşamı günü keçirilən məhkəmədə Trampın 2016-cı ildə prezident seçki kampaniyası zamanı onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klintonun email yazışmalarının hakerlər tərəfindən ələ keçirilməsi ilə əlaqəsi olmaqda özünü günahkar tanımayıb.

66 yaşlı Rocer Stoun keçən həftə Federal Təhqiqat Bürosunun reydi zamanı Floridadakı evində həbs edilib.

Vaşinqtondakı federal məhkəmə Stouna qarşı WikiLeaks tərəfindən email yazışmalarının açıqlanmasında rolu haqda Konqresə yalan ifadə verdiyinə görə beş maddə üzrə, şahidə təsir göstərmək və Trampın kampaniyası ilə Rusiya arsında mümkün əlaqələrlə bağlı Konqresin apardığı təhqiqata mane olduğuna görə isə bir neçə maddə üzrə ittihamlar irəli sürüb.

Stoun son günlər günahkar olmadığı haqda bir sıra bəyanatlar versə də, məhkəməni tərk edən zaman bir söz söyləməyib.

ABŞ-da cinayət işləri üzrə müttəhimlərdən fərqli olaraq, Rocer Stoun həbsindən sonra özünün günahkar olmadığında israr edərək, ona qarşı ittihamlar irəli sürmüş xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ABŞ seçkilərinə müdaxiləsini araşdıran təhqiqatını tənqid edən bir sıra açıqlamalar verib.

Stouna qarşı ittihamnamədə onun hakerlər tərəfindən email yazışmalarının ələ keçirilməsində Rusiya, ya da WikiLeaks-lə əməkdaşlıq etdiyi göstərilməyib. ABŞ rəsmilərinin bildirdiyinə görə, demokratların elektron yazışmaları Rusiya agentləri tərəfindən ələ keçirilib.

Xüsusi prokuror Müller təhqiqat çərçivəsində artıq Trampın ən yaxın çevrəsində olan bir neçə şəxsin özünü günahkar tanımasına nail olub. Buraya Trampın seçki kampaniyasının keçmiş meneceri Pol Manafort, seçki kampaniyasının keçmiş müşaviri Rik Geyts, xarici siyasət məsələləri üzrə keçmiş müşavir Corc Papadopulos, ABŞ-ın milli təhlükəsizlik müşaviri olmuş Maykl Flinn və onun keçmiş vəkili Maykl Kohen daxildir.