ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Cənubi Koreya prezidenti Mun Cae-in ilə birlikdə Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını inkişaf etdirməsinin qarşısının alınmasında öhdəliyini yenidən təsdiqləyib.
Seulda keçirilən birgə mətbuat konfransında Tramp Şimali Koreyanın beynəlxalq ictimaiyyətə təhlükə yaratdığını deyib və Kim Conq Un rejimini dəstəkləyən ölkələri tənqid edib.
Bu həftənin əvvəli ABŞ əsgərləri ilə nahar etdikdən sonra Tramp ABŞ və Cənubi Koreya arasında ticarət məsələsinin yenidən nəzardən keçirilməsini müzakirə etdiyini bildirib.
Trampın ziyarət etdiyi ABŞ hərbi bazasının önündə onun tərəfdarları ilə əleyhdarları nümayişlər keçirib.
“Biz sizin Şimali Koreya rejiminə güclü mesaj çatdırmağınızı istəyirik”, deyə onun bir tərəfdarı söyləyib.
“Biz Trampın Cənubi Koreyaya gəlməsini istəmirik, çünki o həmişə Koreya yarımadasında müharibədən bəhs edir. Həm də o, Cənubi Koreyaya Birləşmiş Ştatlarla silah ticarəti aparması üçün təzyiq göstərir”, deyə Trampa qarşı etiraz edən nümayişçi bildirib.
Bu həftənin əvvəli Asiya səfərinin ilk dayanacağı olan Yaponiyada Tramp və Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreya böhranının həllində “bütün variantların masa üzərində” olduğu məsələsində razılığa gəliblər.
Tramp Pxenyanla münasibətdə strateji dözümlük dövrünün bitdiyini qeyd edib.
Birgə mətbuat konfrasında Abe çərşənbə axşamı ölkəsinin Şimali Koreyanın 30-dan çox qrupu və ayrı-ayrı şəxslərin aktivlərini donduracağını açıqlacayacağını bildirib.
Birtərəfli tədbirlər ABŞ Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya qarşı tətbiq etdiyi gücləndirilmiş sanksiyalardan sonraya təsadüf edir.