Tramp ÜST-ni hədələyib

ABŞ prezidenti gələn 30 gün ərzində əhəmiyyətli düzəliş qaydalarına riayət etməsə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin müvəqqəti deyil, daimi dayandırılacağı ilə hədələyib.

Siz və təşkilatınızın təkrarlanan yanlış addımları dünyaya olduqca baha başa gəlir

Donald Tramp ÜST-nin direktoru Tedros Adhanom Qhebreyesusa ünvanladığı tənqid dolu məktubda yazıb ki, Çində koronavirus pandemiyasının yayıldığı vaxt təşkilatın Çin Xalq Respublikasından müstəqil şəkildə işlədiyini nümayiş etdirməyib.

"Aydındır ki, siz və təşkilatınızın təkrarlanan yanlış addımları dünyaya olduqca baha başa gəlir. Təşkilatın Çindən azad şəkildə fəaliyyəti yeganə yoldur” - deyə, Tramp yazıb.

Trampın tənqidləri arasında təşkilatın virus haqda qeyri-dəqiq məlumat yayması və beləliklə yanlışlığa sürükləməsi də yer alır.

Tramp yazıb ki, beynəlxalq ixracat və ölkədaxili səyahətlərə məhdudiyyət tətbiq edilməsi üçün Çinə lazımi təzyiq göstərilməyib.

Çinin XİN-nin sözçüsü isə Trampın məktubunu Çini ləkələmək və ABŞ-ın öz beynəlxalq öhdəliklərindən yayınmaq cəhdi kimi qiymətləndirib.

Tramp ötən ay ölkəsinin ÜST-yə ianələrini dayandırıb, qurumun pandemiyanı necə idarə etməsinə dair dəyərləndirməni gözləməyi qərara alıb.

O zaman Tramp təşkilatı Çinin pandemiya haqda “dezinformasiya”sını təbliğ etməkdə günahlandırmışdı.

ÜST rəsmiləri isə ittihamları rədd edir, qurumun şəffaf və açıq işlədiyini bildirir.

ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırması BMT-nin səhiyyə agetliyinin dünyada milyonlarla insanın ölümcül koronavirusa yoluxduğunu bildirdiyi bir vaxta təsadüf edib.

Təşkilatın direktoru Tedros Adhanom Qebreyesus Vaşinqtonun qərarından təəssüfləndiyini deyərək, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının uzun müddətdir səxavətli dostu odluğunu qeyd edib və bunun davam edəcəyinə ümid bəslədiyini bildirib.

Tedros deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı irqi, dini və ya siyasi baxışlarından asılı olmayaraq, hamının sağlamlığının təmin edilməsi ilə məşğul olur. Onun bildirdiyinə görə, təşkilat dünya xalqları arasında ayrı-seçkiliyə yol vermədiyi kimi COVID-19 da zəngin və yoxsul ölkələr arasında seçim etmir. Xəstəlik milliyyət, etnik mənsubiyyət, ya da ideologiyalar arasında fərq qoymur.

Mayın 18-də ÜST-nin idarə heyəti pandemiyaya beynəlxalq reaksiyanı necə idarə etməsi üzrə müstəqil dəyərləndirmə başlatmağa razılıq verib.