Tramp: Şimali Koreyanın nüvə təhlükəsinə son qoyuldu!

ABŞ prezidenti bildirib ki, "Şimali Koreyanın nüvə təhlükəsinə son qoyuldu".

Donald Tramp Sinqapur sammitindən döndükdən sonra bildirib.

​"Uzun uçuşdan sonra yenicə endim. İndi hər kəs mənim vəzifəyə başladığım günlə müqayisədə, özünü təhlükəsiz hiss edir" - deyə, Tramp Twitter hesabında yazıb.

ABŞ dövlət başçısı əlavə edib ki, Kimlə görüş çox maraqlı keçməklə yanaşı, pozitiv bir təcrübə oldu.

Çərşənbə günü Sinqapurda imzalanan razılıqda Şimali Koreya lideri Kim Conq Un Koreya yarımadasını nüvəsizləşdirilmə istiqamətində "qəti və davamlı öhdəliyini" bir daha təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini öz üzərinə götürüb.

ABŞ dövlət başçısı əlavə edib ki, Kimlə görüş çox maraqlı keçməklə yanaşı, pozitiv bir təcrübə oldu

İmzalanan sənəddə iki ölkənin Koreya yarımadasında davamlı sülhə nail olmaq istiqamətində əməkdaşlıq etməsinə, ABŞ-Şimali Koreya arasında yeni münasibətlərin yaradılmasına və müharibə məhbusları və hərbi üzvlərin azad edilməsinə çağırılır.

Tərəflər danışıqları davam etdirmək üçün təkrar görüşmək barədə də razılıq əldə edib.

“Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik” deyə Tramp Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Susterenlə müsahibədə bildirib.

Tramp həmçinin tərəflərin heç birinin ultimatumlarla çıxış etmədiyini və çərşənbə axşamı əldə edilən razılığın aylarla davam edən danışıqların nəticəsi olduğunu deyib.

“Bu, müharibə ilə nəticələnə bilərdi. Siz Şimali Koreyanı yaxşı tanıyırsınız. Bu məsələ milyonlarla insanın ölümü ilə nəticələnə bilərdi. Amma biz bunu razılıqla həll etdik”, deyə Tramp bildirib.

Tramp həmçinin Amerikanın Səsinə Cənubi Koreyada yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin orada qalacağını deyib, lakin Şimali Koreyanın uzun müddətdir nail olmaq istədiyi bir güzəşti elan edib.

“Biz külli miqdarda pul itkisinə səbəb olan müharibə oyununa son qoyacağıq”, deyə Tramp əlavə edib.