Tramp: Şimali Koreya lideri ilə ikinci sammit Konqress seçkilərindən sonra baş tutacaq

ABŞ prezidenti Şimali Koreya lideri ilə ikinci sammitin noyabrın 6-da keçiləcək Konqress seçkilərindən sonra baş tutacağını bəyan edib.

Siyasi yürüş zamanı Donald Tramp müxbirlərə deyib ki, seçkilərə qədər o, səfərə çıxa bilməyəcək.

Daha əvvəl ABŞ dövlət başçısı Kim Conq Unla ikinci sammit üçün yaxşı inkişaflar əldə edildiyini deyib. O, ABŞ dövlət katibi Mayk Pompeonun Kimlə pozitiv müzakirələr keçirdiyini və görüş üçün planlaşdırılan 4 yerdən 3-nün nəzərdən keçirildiyini bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo həftə sonu Pxenyanda Kimlə görüşüb.

Təcrid edilmiş Şimali Koreya lideri Kim Con Un belə bir fürsət əldə etdiyi üçün məmnunluğunu ifadə edib.

Pompeo Şimali Koreya lideri Kimlə növbəti görüşünü müsbət qiymətləndirib.

Bəzi təhlilçilər Şimali Koreyanın ən vacib məsələləri hələ də ünvanlamadığını hesab edir. Buraya nüvə silahları və obyektlərinin siyahısı, bu informasiyanın təsdiqi və nüvəsizləşdirilmə istiqamətində görüləcək işlər üçün vaxt cədvəli kimi məsələlər daxildir.

Şimali Koreya 1950-53-cü illərdə Koreya müharibəsinə rəsmən son qoymaq istəyir. Lakin Birləşmiş Ştatlar bildirib ki, Pxenyan ilk novbədə nüvə silahlarından imtina etməlidir. Şimali Koreya Birləşmiş Ştatların nüvə silahlarının tam inventarlaşdırılması tələbini hələ yerinə yetirməyib.