Tramp: Çinlə mümkün ticarət razılığı ilə bağlı irəliləyişlər əldə olunur

Prezident Donald Tramp

ABŞ prezidenti Donald Tramp şənbə günü Twitterdə bildirib ki, onun Çin prezidenti Şi Tsinpinlə uzun telefon danışığı olub və Birləşmiş Ştatlarla Çin arasında mümkün ticarət razılığı da yaxşı irəliləyir.

ABŞ hökümətinin qismən bağlı olduğu səkkizinci gündə respublikaçı prezident Vaşinqtonda demokratlara hücum edən və Çinlə münasibətlərin yaxşılaşmaq ehtimalından bəhs edən tvitlər atıb.

İki ölkə 2018-ci ilin böyük hissəsini ticarət müharibəsi aparıb və tariflər nəticəsində dünyanın ən böyük iki iqtisadiyyatı arasında yüz milyadlarla dollar dəyərində malların ticarətinə böyük maneə törədilib.

Tramp və Şi ticarət müharibəsində atəşkəsə razılaşıb və dekbarın 1-dən etibarən 90 gün müddətinə əlavə tarif tətbiq etməyi təxirə salmaqla bağlı razılıq əldə edib.

“İndicə Çin prezidenti Şi ilə uzun və gözəl telefon danışığımız oldu. Razılıqla bağlı yaxşı irəliləyişlər var. Əgər razılıq əldə olunsa, o hərtərəfli olacaq və mübahisələrə səbəb olan bütün məsələləri əhatə edəcək. Böyük irəliləyiş əldə olunur” – deyə, Tramp yazıb. Çinin dövlət mediası da Şinin şənbə günü Trampla telefonda danışdığını bildirib.

Çin mediası Şiyə istinadən bildirib ki, o hər iki tərəfin çox yaxında hər iki tərəf üçün faydalı razılaşma əldə edəcəyinə ümid bəsləyir.

Hökümətin bağlanması səbəbilə bayram tətilində Floridadakı iqamətgahına getmək planını ləğv edən Tramp “Ağ evdəyəm və demokratların gəlib, razılıq əldə etmələrini gözləyirəm”deyə, tvit atıb.

Respublikaçıların nəzarət etdiyi Konqres həftə sonu bağlı olub və çox az sayda qanunverici paytaxta olub.

Hökümət bir neçə federal idarənin maliyyəsi bitməsi nəticəsində bağlanıb. Nəticədə federal hökümətin dörddə biri, yəni demək olar təxminən 800 min işçi bunun təsirinə məruz qalıb.

Konqres həmin idarələrin maliyyəsini bərpa edən qanun layihəsini təsdiq etməlidir, lakin Trampın həmin qanun layihəsinə ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün 5 milyard dollar dəyərində pulun daxil edilməsini istədiyi üçün onlar bu qanun layihəsini imzalamayıb.