Tramp Ziya və Anar Məmmədovlara görə sorğu-suala çəkilir

Associated Press agentliyinin müxbiri Jeff Horwitz yazır ki, Donald Tramp ABŞ prezidentliyi uğrunda namizəd yarışına daxil olandan 6 ay əvvəl Azərbaycanın paytaxtI Bakıda özünün mülk layihəsini elan etmişdi.

“Onun tərəfdaşı, ABŞ diplomatlarının İran hərbiyyəsi üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bildikləri və “korrupsiyada ad çıxarmış” hökumət nazirlərindən biri idi” – yazır müxbir.

Jeff Horwitz qeyd edir ki, “amma indi 18 ay keçmiş və qızı İvanka Tramp az qala başa çatmış layihənin reklam videosunun təqdimatını edəndən bir neçə həftə sonra Bakı layihəsi Trampın internet saytından yoxa çıxıb”.

Trampın baş müvəkkili Alan Garten Associated Press agentliyinə deyib ki, layihə iqtisadi səbəblərə görə hələlik dayandırılıb.

İvanka Tramp atasının praymeridə qələbə nitqini dinləyir.

Məqalədə deyilir ki, Tramp yalnız ən yaxşı adamlarla iş gördüyünü dəfələrlə vurğulasa da, belə görünür, o heç də həmişə partnyorları haqqında bütün təfərrüatları öyrənmir.

Bu da qeyd olunur ki, Trampın komandasının insanları yoxlamaq qabiliyyəti xüsusilə də indi böyük əhəmiyyət kəsb etməyə başlayır. Beləki o Ağ Evə qədəm qoyarsa, ölkənin təhlükəsizliyi və iqtisadiyyatı sahələri də daxil, mühüm vəzifələrə 3600-dək yeni təyinat elan edəcək.

Ata oğuldan xəbərsizmiş…

Jeff Horwitz yazır ki, Garten Azərbaycan biznesi barədə suala cavab verərkən Tramp təşkilatının partnyoru barədə müfəssəl yoxlama aparıldığını, lakin onun atası haqqında iddiaların araşdırılmadığını söyləyib, beləki o bu sövdələşmənin iştirakçısı olmayıb.

Partnyorun atasının İran üçün çirkli pulların yuyulmasında iştirakı barədə ABŞ-ın dipliomatik məktublarında qeyd olunmuş iddialar haqqında sula Garten “mən bu barədə əvvəllər heç nə eşitməmişəm” – deyib.

Garten daha sonra deyib ki, o, haqqında İran pullarının yuyulmasında iştirakı barədə iddialar səsləndirilən Ziya Məmmədovun öz oğlunun biznesi ilə əlaqəli olmadığına əmin olub.

Jeff Horwitz yazır ki, əslində Trampın partnyorunun əsas bizneslərinin atasının nazirliyi ilə bağlı olduğu bəllidir.

Anar Məmmədovun atası, nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın ən korrupsioner rəsmilərindən biri kimi tanınır.

AP-nin məqaləsində deyilir ki, Ziya Məmmədov agentliyin telefonda qoyduğu mesajlara və Vaşinqtondakı Azərbaycan səfirliyinə göndərilmiş emaillərə cavab verməyib.

Garten agentliyə bildirib ki, Trampın şirkəti hər hansı kontraktları bağlamazdan əvvəl parnyorları barədə kəşfiyyat məlumatları toplayır, habelə İnterpolun, BMT-nin və başqa beynəlxalq təşkilatların order və sanksiyalar siyahılarını yoxlayır.

“Baş alıb gedən məmur korrupsiyası”

Məqalədə deyilir ki, Tramp 2013-cü ildə başqa bir biznes partnyorunu niyə əvvəlcədən yoxlamadığı barədə suala həmin adam haqqında ona şifahi məlumat verildiyini bildirmişdi.

"Biz onun haqqında bir neçə adamdan yaxşı şeylər eşitmişdik” – demişdi Trump.

Trampın əsas müvəkkili Garten isə bildirib ki, onun rəisinin aparılmış bütün yoxlamalar barədə məlumatlı olmasını gözləmək düzgün deyil.

Müxbir Dövlət Departamentinə istinadən yazır ki, “Azərbaycanda biznes qurmaq istəyən hər bir amerikalı belə bir risklə üzləşir: “baş alıb gedən məmur korrupsiyası”.

“Bu pulun böyük hissəsi neft və qaz sənayesindən gəlir, lakin Dövlət Departamenti hesab edir ki, bu ölkə terror maliyyəçilərinin, İran sanksiyalarından yayınanların və Əfqanıstan narkobaronlarının marşrutu sayılır” – deyilir AP-nin məqaləsində.

Azərbaycan Amerika Alyansına rəhbərlik edən Anar Məmmədov Vaşinqtonda lobbiçilik səylərinə milyonlarla dollar pul xərcləyib.

Müxbir yazır ki, Trampın Bakı partnyoru, nəqliyyat nazirinin oğlu Anar Məmmədov da Associated Press tərəfindən onun sosial media və email ünvanlarına göndərilən sorğulara cavab verməyib.

Garten isə bildirir ki, Tramp şirkəti Anar Məmmədova dair bütün lazımı məlumatları öyrənib və onun atası bu layihədə heç bir rol oynamayıb.

Söhbət dədədən gedir

Jeff Horwitz yazır ki, Azərbaycan üzrə ekspertlər Trampın və ya başqa birisnin bunu bilməməsindən möhkəm təəccübləniblər.

AP müxbiri qeyd edir ki, diplomatlar və QHT-lər Anar Məmmədova atasının biznes maraqlarının icraçısı kimi baxırlar. Məqalədə deyilir ki, Anarın biznesi atasının nazirliyindən müntəzəm dəstək və dövlət sifarişləri alır.

"Bunlar özbaşına öz bizneslərində olan adamlar deyillər – burda da söhbət dədədən gedir, - deyib ABŞ-ın 1990-cı illərdə Bakıda səfiri olmuş Richard Kauzlarich” – yazır müxbir.

Jeff Horwitz xatırladır ki, Anar Məmmədov bir neçə müsahibələrində 2000-ci ildə təsis etdiyi Garant Holding şirkətinin xələfi olan firmanın nəqliyyat, tikinti, bank işi, telekommunikasiya və sənaye sahələrində qolları olduğunu bildirib.

Gənc Məmmədov öz biznes imperiyasını sadəcə qəzet paylayan kuryer kimi çalışmaqla qurmayıb.
Matt Bryza, ABŞ-ın Azərbaycanda sabiq səfiri

Müxbir yazır ki, o vaxtlar Anarın 19 yaşı olmalı idi. Anar Məmmədov sonralar biznesə 2005-ci ildə başladığını deyib, halbuki onun bir çox filial ofisləri bu tarixdən əvvəl fəaliyyətdə idi.

“Gənc Məmmədov öz biznes imperiyasını sadəcə qəzet paylayan kuryer kimi çalışmaqla qurmayıb” – deyib ki, ABŞ-ın Azərbaycandakı daha bir keçmiş səfiri Matt Bryza” – yazır müxbir.

AP-nin məqaləsində qeyd olunur ki, ABŞ-ın 2009-cu ildə sızmış diplomatik yazışmalarında Ziya Məmmədov hətta Azərbaycan kimi bir yer üçün də “son dərəcə korrupsiyalı şəxs” adlandırılıb.

Bu diplomatik yazışmalarda bildirilirdi ki, magistral yollardan birinin tikintisi üçün dövlət sifarişi Ziya Məmmədovun yaxın iştirakı ilə İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş hərbçisi Kamal Darvishi-yə həvalə olunub.

Qeyd edək ki, iyunun 4-də yayılmış bu məqaləyə hələlik nə nazir Ziya Məmmədov, nə də onun oğlu Anar Məmmədovun təmsilçilərindən hər hansı reaksiya verilməyib.

Prezidentlik toxunulmazlığı olmayacaq

Jeff Horwitz yazır ki, Bakıdakı otel layihəsi başa çatmasa da, Trampa əhəmiyyətli məbləğdə ödəniş edilib.

Məqalədə deyilir ki, Trampın prezidentliyə namizədlik kampaniyasının açıqladığı bəyannamədə onun heç açılmayan otelin menecment xidmətləri üçün 2,5-2,8 milyon dollar qazandığı bildirilib.

Associated Press agentliyinin məqaləsində Trampın Azərbaycandan başqa yerlərdə də şübhəli bizneslərindən söhbət gedir.

Riçard Kazlariç, ABŞ-ın Azərbaycanda sabiq səfiri

Ötən həftə Nyu York şəhərinin baş prokuroru Eric Schneiderman mediaya bildirmişdi ki, Donald Trampın “Tramp Universiteti” ilə əlaqədar təhqiqat işi aparılır.

Prokurorun fikrincə, Donald Tramp “adı var, özü yox universitetdən” fırıldaq yolu ilə 5 milyon dollar qazanıb.

Eric Schneiderman deyib ki, Trampla bağlı daha iki dələduzluq işi də təhqiqatdadır.

Baş prokurorun sözlərinə görə, bu işlər məhkəməyə çatanda Donald Tramp artıq Ağ Evə sahiblənmiş ola bilər, lakin ABŞ prezidentliyi “mülki dələduzluq işlərində” toxunulmazlıq vermir.