Tramp və Kim arasında ikinci sammit fevralın sonu keçiriləcək

ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın nüvə məsələləri ilə bağlı nümayəndəsi Kim Yonq Çol

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un ilə növbəti zirvə toplantısının fevralın sonu keçiriləcəyini elan edib. Əlavə edilir ki, sammitin yeri müəyyən vaxt sonra açıqlanacaq.

Bu elan cümə günü Tramp və Şimali Koreyanın nüvə məsələləri ilə bağlı nümayəndəsi Kim Yonq Çol arasında Oval Ofisdə keçirilən görüşdən sonra edilib. Ağ Ev bildirir ki, bu görüşdə “Pxenyanın nüvə proqramından vaz keçməsi üçün lazım olan səylər” müzakirə edilib.

Trampın Kim Conq Unun sağ əli kimi təqdim edilən sabiq kəşfiyyat rəhbəri ilə görüşü 90 dəqiqə davam edib.

Görüşdən sonra Ağ Evin mətbuat katibi Sara Sanders müxbirlərə bildirib ki, administrasiya bu mövzuda “inkişafa nail olmağa” davam edir.

Son elan təhlilçilərin danışıqlarda ikinci sammiti məqbul edəcək inkişafın olmaması ilə bağlı skeptik reaksiyalarına səbəb olub.

Tramp bir neçə dəfə Şimali Koreyanın nüvəsizləşdirilməsinə əminliyini ifadə edib. Lakin tənqidçilər ABŞ prezidenti və Şimali Koreya lideri arasında ilk zirvə görüşündən sonra Pxenyanın tərkisilah istiqamətində ölçüləbilən addımların atmadığını qeyd edirlər.

Ağ Ev ikici zirvə toplantısının keçiriləcəyi yeri açıqlamayıb. Lakin Amerika mətbuatı müxtəlif mənbələr əsasında Vyetnamın Dananq şəhərinin sammit üçün potensial məkanlardan biri kimi müzakirə edildiyini yazır.