ABŞ prezidenti Donald Tramp korporasiyalar və orta sinif üçün vergilərin ixtisarı planını irəli çəkmək məqsədilə nüfuzlu senator Bob Korkerlə incikliyə baxmayaraq, Senatda respublikaçı əksəriyyətin üzvləri ilə görüşüb.
Tramp Korker də daxil olmaqla Kapitoli binasında qanunvericilərlə nahar yeməyində vergilərin ixtisarı planı ilə bağlı geniş müzakirə aparıb.
ABŞ prezidenti görüşü müxbirlərin suallarına cavab vermədən tərk edib. Lakin Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnel deyib ki, respublikaçı qanunvericilər ölkənin vergi qanununa əsas dəyişikliyin edilməsi məsələsində prezidentlə bir dayanır.
“Çoxlu səs küy var….amma biz əsas diqqətimizimi Amerika xalqının ehtiyaclarına yönəltmişik. Fikrimcə, respublikaçılar arasında bu ilin sonuna qədər vergi islahatı kimi məqsədə nail olmaq məsələsində yekdillik var”, Makkonnell bildirib.
Senat keçən həftə qarşıdan gələn 10 il ərzində 1.5 trilyon dollar məbləğində vergi ixtisarına yol açacaq büdcəni təsdiq edib. Bu, eyni zamanda, ölkənin hazırda 20 trilyon borcuna eyni məbləğin əlavə olunmasına gətirib çıxara bilər. Tarmp vergi qanunvericiliyini dekabr ayının sonuna qədər qəbul etməyə çağırıb.
Lakin respublikaçıların nəzarətində olan Konqres hələlik spesifik vergi dəyişiklikləri ilə bağlı razılıq əldə etməyib. Bağlı qapılar arxasında ölkənin mürəkkəb vergi sistemində hansı maddələrin saxlanması, hansıların isə dəyişdirilməsi məsələsi ətrafında müzakirələr aparılır.