Prezident Donald Tramp Konrqesin Milad bayramına qədər vergi qanununu ona təqdim edəcəyini deyib. ABŞ prezidentinin sözlərinə görə, amerikalılar vergilərin azaldığını və daha artıq maaşları fevral ayından müşahidə etməyə başlayacaq.
Tramp bu açıqlamaları çərşənbə günü Ağ Evdə verib. Konqresin Nümayəndələr Palatası və Senatdakı müzakirəçilərin hər iki palatada təsdiq edilib, imzalanmaq üçün prezidentə göndiriləcək vahid vergi islahatı qanunu ilə bağlı razılığın əldə olunmasına yaxın olduğu görünür.
“Biz qanunvericilikdə bu tarixi qələbəyə çox, çox yaxınıq”, Tramp bildirib.
“Mən namizəd olanda ölkəmizin bel sütunu və ürəyi olan amerikalı işçilər üçün nəhəng vergi ixtisarı qanununu qəbul edəcəyimə söz vermişdim. İndi bizi bu vəddən və Amerika ailələri üçün həqiqətən də bu gözəl qələbədən cəmi bir neçə gün ayırır. Biz Amerika xalqına Milad bayramı ərəfəsində nəhəng vergi ixtisarı vermək istəyirik”, Tramp bildirib.
Vergi planına əsasən, gələn 10 il ərzində vergilərin 1.5 trilyon dollar azaldılması nəzərdə tutulur. Bu ixtisarların əsas hissəsi hazırda 35 faiz vergi ilə qarşılaşan korporasiyalara şamil ediləcək.
Vergi islahatı qanununun Konqresdə bir neçə mötədil respublikaçı qanunverici də daxil olmaqla, çox sayda tənqidçisi var. Plana heç bir demokrat dəstək verməyib. Demokratlar bunu Trampın özü kimi milyarderlər də daxil olmaqla, zənginlər üçün hədiyyə adlandırır.