Trampın ucuz seçki kampaniyasının sirri

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp qeyri-adi dərəcədə ucuz seçki kampaniyası aparır. O, azı 10 aparıcı əməkdaşı, məsləhətçisi, müşavirlərinə o qədər də yüksək əmək haqqı ödəmir və ya bəzilərinə ümumiyyətlə ödəmir. Bu aparıcı şəxslərin arasında eləsi var ki, artıq seçki kampaniyasından ayrılıb.

Reuters yazır ki, maaş almayanlar və son günlərə qədər seçki kampaniyasında fəallıq edənlər arasında menecer Paul Manafort, Kaliforniyadan Tim Klark, kommunikasiya direktoru Maykl Kaputorun adları çəkilir. İyunda kampaniyanı tərk edən iki yardımçı isə dərhal Tramp Super PAC-da işləməyə yollanıblar.

Nyu-Yorklu daşınmaz əmlak maqnatı və onun müttəfiqləri kampaniyanı qənaətcil sayırlar, hesab edirlər ki, bu, Donald Trampın menecerlik qabiliyyətinə sübutdur. Onun kampaniyasının xərcləri hələ ki, 89.5 milyon dollardır. Bu, rəqib komandanın - demokratların namizədi Hillari Klinton kampaniyasının xərclərindən xeyli azdır.

Maliyyə islahatları məsləhət qruplarından birinin seçki məsələləri üzrə eksperti Rol Rayan deyir ki, aparıcı şəxslərin könüllü kimi çalışması prezident kampaniyası üçün presedent deyil.

Hələ də maaş gözləyirlər

Maaşı verilməyən 10 nəfərdən biri, Maykl Kaputo iyunda kampaniyada iştirakdan istefa verəndən sonra Buffalo radiosuna deyib ki, düzdür, ona pul ödənməyib, amma o, könüllü də olmayıb. Kaputio Reuter-ə deyib ki, Tramp kampaniyası hələ də onun qəbzləri üzrə ödəniş aparmayıb.

Tramp kampaniyasının aparıcı şəxslərindən ikisi, kampaniyanın məsləhətçisi, keçmiş Kris Kristi kampaniyasının meneceri Ken Makkey və digər məsləhətçi Laurans Gay Tramp kampaniyasını iyunda tərk edəndən sonra Tramp Super PAS-da işləməyə başlayıb. Maliyyə hesabatları göstərir ki, onların hər birinə 60 min dollar ödənib.

Federal qanunlara görə, seçki kampaniyasında strateji rol oynayan şəxslər super PAS-lara işləməyə getməzdən öncə 120 gün gözləməlidirlər.

Super PAS nədir?

ABŞ-da siyasi seçimlərdə namizədi dəstəkləmək üçün Siyasi Fəaliyyət Komitələri (PAS) yaradılır, ancaq bu kampaniyaların xərclərində müəyyən limit var. 2010-cu ildə Ali Məhkəmə sərhədsiz xərcləmələrə yol açan PAS-ların təsisinə imkan verdi və bu qurumlar Super PAS adlandırıldı. Yeganə şərt Super PAS-ların namizədin kampaniyası ilə rəsmi əlaqədə olmaması idi. Ancaq tənqidçilər hesab edirlər ki, bu, gülünc qadağadır, çünki super PAS dolayısı ilə konkret namizədə bağlı olur. Super PAS-lara pullar konkret namizədi dəstəkləyən zəngin insanlardan və böyük şirkətlərdən gəlir.
Trampın kampaniyasının əksinə olaraq, demokratların namizədi Hillari Klinton kampaniyasının meneceri Robbi Muk iyulda təxminən 10 min dollar qazanıb. Barak Obamanın da kampaniya meneceri Cim Messina 2012-ci ildə bu qədər qazanmışdı. O zaman onun rəqibi Mitt Romni kampaniyasının meneceri Matt Roades təxminən 7 min qonorar alıb.


Donald Tramp özünə yeni kampaniya meneceri seçib

Hərçənd, namizədlərin kampaniyasında könüllülər də çalışır. Onlar seçicilərin qapısını döyür, yerlərdə təbliğat aparırlar. Kampaniyada aparıcı şəxs olub da qonorar almayan könüllü də yox deyil. Məsələn, Klinton kampaniyasına öz töhfəsini vermiş Con Podesta bunu şərəf məsələsi saymış və demiş ki, işini hər hansı məbləğ çərçivəsinə salmaq istəməz. Ancaq aparıcı şəxs olub qonorar almamaq nadir rast gəlinən hal sayılır, Reuters bildirir.

Donald Tramp özünə yeni kampaniya meneceri seçib. Kellyanne Konvey əvvəllər Super PAS-da işləyib və bir illik qonorarı 700 min dollardan çox olub. O, Tramp kampaniyasında iyulun 1-də rəsmi olaraq işə başlayıb. İyulun 31-də açıqlanan maliyyə hesabatında hələ ki, ona hər hansı məbləğdə qonorar ödəndiyi göstərilməyib. Xanım Konvey bunu şərh etmək istəməyib.