Texas və Luizianın daşqına məruz qaldığı ərazilərdə suyun səviyyəsi artıb və bu, Milli Hava Xidmətinin sözləri ilə desək, “misli-görünməmiş” böhrana səbəb olub. Ən azı altı nəfər ölüb, təxminən 30 min nəfər isə evlərindən evakusiya edilərək, sığınacaqlara yerləşdirilib. Rəsmilər federal və ştat hökümətləri, özəl qruplar və adi vətəndaşlar arasındakı əməkdaşlığı alqışlayır. Prezident Donlad Tramp isə çərşənbə axşamı fəlakət zonasına səfər edib.
Biz qonşunun qonşuya, dostun dosta, yadların bir-birilərinə yardım etdiyinə və inanılmaz sevgiyə şahid olduq.Donald Tramp
Bazar ertəsi xilasetmə komandaları Texasın selə ən çox məruz qalmış ərazilərindəki insanları ilişb qaldıqları evlərindən çıxarmağa çalışırdı. Sakinlər qonşuları və digərlərinə evlərindən çıxmağa yardım etmək üçün kiçik qayıqlardan istifadə edirdi. Xilasetmə işlərinə yerli yanğınsöndürənlər də qoşulmuşdu.
Edmundo Veneqas Amerikanın Səsinə komandasının Hyustonun şimalında suyun altında qalmış insanların evakusiyasına yardım etdiyini deyib.
“Biz hər kəsi çıxara bilmək üçün ordu maşınlarından, məktəb avtobuslarından və öz avadanlıqlarımızdan istifadə edirik”, deyə o bildirib.
Evakuasiya olunmuş sakinlər isə xilas edildikləri üçün çox sevinclidir.
“Mən onların gəlib bizi çıxardığına görə çox xoşbəxtəm, çünki hər şey çox daha pis ola bilərdi”, deyə bir Hyuston sakini söyləyib.
Bazar ertəsi prezident Donald Tramp ilkin müdaxilə edənləri və xilasetmə işlərinə yardım edən digərlərini alqışlayıb.
“Biz qonşunun qonşuya, dostun dosta, yadların bir-birilərinə yardım etdiyinə və inanılmaz sevgiyə şahid olduq”, deyə o bildirib.
Prezident daşqına məruz qalmış ərazilərə federal yardımın ayırlacağına söz verib və Texasdakı xilasetmə işlərinə artıq 8.500 federal işçinin cəlb olunduğunu deyib.
“Bərpa işləri uzun və çətin keçəcək, federal hökümət isə yardıma hazır gözləyir”, Tramp söyləyib.
Ev və infrastrukturlara dəyən ziyan nəzərəçarpandır. Yağışın isə hələ bir neçə gün sonra azalacağı gözlənilir. Lakin rəsmilər deyir ki, onlar üçün ən vacib olan insanların həyatını qurtarmaqdır.
Texasın qubernatoru Qreq Abbot elektrik enerjisinin bərpasına dair işlərin bir-iki günə başlayacağını deyib.
“Biz başa düşürük ki, ən vacib məsələlərdən biri elektriyi bərpa etməkdir. Elektrik olmadan hər hansı bir işi görmək çox çətinləşir. Biz həmçinin ehtiyacı olan hər kəsi yemək və su ilə təmin etməyə çalışırıq”, deyə Abbot bildirib.
Tramp isə bazar ertəsi qonşu Luizinanın qubernatoru Con Bel Edvardsın tələbi üzərinə Luzina üçün də təcili yardım fondu ayırıb.
“Hələ bir neçə gün çox yağış yağacaq. Qasırğa şərqə doğru istiqamət etdikcə, yağış da şərqə doğru gedəcək. Yəni Luizianı hələ daha dəhşətli vəziyyət gözləyir”, deyə Edvards söyləyib.
Tramp administrasiyasının mart ayında açıqladığı büdcə təklifində federal fövqəladə vəziyyət və daşqın proqramlarına kəsirlər irəli sürülüb. Lakin prezident deyib ki, Texas və Luizianada bərpa işləri üçün bir neçə milyard dollarlıq yardıma ehtiyac olacaq. Bu yardım isə Konqres tərəfindən təsdiq olunmalıdır.