Prezidentliyə respublikaçı namizəd Donald Trampın bazar ertəsi günü terrorizminə qarşı mübarizə planını açıqlayacağı gözlənilir. Bu, Trampın ABŞ prezidenti Barak Obama və prezidentliyə demokrat namizəd Hillari Klintonun İŞİD qrupunun əsasını qoyduğunu deməsindən bir neçə gün sonra baş verir.
İlk dəfədir ki seçkili vəzifə uğrunda yarışlara qatılmış daşınmaz əmlak maqnatı olan Donald Tramp artıq aylardır Yaxın Şərqdə cihadçılara qarşı Obamadan daha yaxşı mübarizə aparacağını bəyan edir. Bu günlər Obama və Klintonun İŞİD-i "yaratdığını" deməsindən sonra Tramp ciddi tənqidlərlə üzləşib. O, iddianı təkrar söyləyib, lakin bundan sonra sözlərinin "sarkazmla" deyildiyini bildirib.
Trampın başlıca tərəfdarlarından biri olan Alabama senatoru Ceff Seşşions ABC tele şirkətinə bildirib ki, Tramp "regionda bu növ terrorizmə nifrət edib ona müqavimət göstərən müttəfiqlərimiz və dostlarımızla etibarın bərpa edilməsi haqda danışacaq."
"O, Obama və Klintonun etdiyi kimi əyilmədən və ölkələrdə qeyri-sabitlik yaratmadan düşmənin necə hədəf alınması və dostlarla necə işləmək haqda danışacaq"-deyə o əlavə edib.
Trampın vitse-prezidentik postuna namizəd seçdiyi İndiana qubernatoru Mayk Pens deyib ki, Tramp İŞİD-ə qarşı mübarizənin aparılmasında "konkret detalları" açıqlayacaq.
Klintonun tərəfdarı olan ABŞ-ın keçmiş Müdafiə naziri Leon Panetta respublikaçı namizədin planının detalları açıqlamalı olduğunu deyib.
"Fikrimcə, Donald Tramp prezident Obamanın hansı yollasa İŞİD-in əsasını qoyduğu haqda hiddət doğuran yalan iddialar əvəzinə, İŞİD-i necə məğlub edəcəyinə dair reallaşdıracağı strategiyanı təqdim etsə daha münasib olardı"-deyə o bildirib.
ABŞ prezidentliyinə ilk qadın namizəd olan keçmiş dövlət katibi Hillari Klinton ölkə üzrə rəy sorğularında Trampdan 7 faiz irəlidə gedir. Rəy sorğuları eyni zamanda, Klintonun noyabrın 8-də prezident seçkilərinin nəticələrinə təsir göstərə biləcək bir neçə mühüm ştatda da irəlidə olduğunu göstərir.