Tramp respublikaçı namizədin Senat seçkiləri kampaniyasında çıxış edib

ABŞ prezidenti Donald Tramp və respublikaçı namizəd Marşa Blekborn

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı demokratlara hücum edərək, Senatda az fərqlə çoxluğa malik olan respublikaçıların səylərini gücləndirməyə çalışıb.

Tramp Tennessi ştatının Neşvil şəhərində Senat seçkilərində iştirak edən respublikaçı namizəd Marşa Blekbornun kampaniya yürüşündə çıxış edib.

Təqaüdə çıxan respublikaçı senator Bob Korkerin yerinə iddialı Blekbornun rəqibi sabiq qubernator, demokrat Fil Bredesendir. Tennessi ştatında keçiriləcək seçkilər respublikaçılar üçün Senatda üstünlüklərini saxlamaq üçün mühüm olan ərazilərdən biridir.

Tramp bu cür seçki kampaniya çıxışlarını vəzifədə olduğu müddətdə əldə etdiyi nailiyyətləri qeyd edərək, əsas dəstəkçilərini səfərbər etmək etmək üçün istifadə edir.

ABŞ prezidenti çıxış zamanı özünün seçki kampaniyası dövrü cənub sərhədində tikiləcək divarın Meksika tərəfindən maliyyələşəcəyi vədini dəfələrlə təkrar edib.