Tramp sərhəd divarı üçün ilkin ödəniş olsa höküməti açacağını bildirib

ABŞ-ın yüz minlərlə hökümət işçisi cümə günü ikinci dəfədir ki, hər iki həftədən bir verilən maaşlarını ala bilməyiblər. ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində divarın inşası üçün lazım olan maliyyənin ilkin məbləğinin ayrılacağı təqdirdə müvəqqəti olaraq federal hökuməti yenidən açacaq razılaşmanı qəbul edəcəyini bildirib.

Tramp bu təklifini respublikaçıların nəzarətində olan senatın 34 gündür davam edən hökümətin bağlanmasını sona çatdıracaq iki təklifi qəbul etməməsindən sonra bildirib.

“Təklif olunan fikirlərdən biri odur ki, onlar höküməti açırlar və divar üçün ilkin məbləği ödəyirlər. Məncə, insanlar bunun lazım olduğu ilə razılaşacaq. Divara ehtiyacımız var. Hətta mən demokratların bir çoxunun “divarlar yaxşıdır” dediyini də görürəm. İndi vəziyyət iki və ya üç həftə əvvəl olduğundan çox daha fərqlidir.” – deyə, ABŞ prezidenti bildirib.

ABŞ Senatının çoxluq lideri Mitç Makkonnel

Ancaq Trampın 5,7 milyard dollarlıq divar inşası da daxil olmaqla, immiqrasiya islahatları və cari maliyyə ili ərzində hökumətin maliyyələşdirilməsi ilə bağlı tələbi Senatda kifayət qədər demokratın dəstəyini almayıb. Layihənin senatdan keçməsi üçün 60 səs lazım olsa da, səsvermənin son nəticəsi 50-47 nisbətində olub.

Altı respublikaçının dəstəyinə baxmayaraq demokratların da təklifi 52-44 nisbəti ilə qəbul olunmayıb. Heç bir sərhəd təhlükəsizliyi müddəalarını özündə əks etdirməyən təklif Konqres liderləri ilə Ağ Ev arasında immiqrasiya razılaşmasını müzakirə etmək üçün federal hökümətin iki həftəlik açılmasını nəzərdə tuturdu.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi

Donald Tramp dekabrın 22-də federal hökumətin fəaliyyətini qismən dayandırmasından öncə hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, hazırda buna görə demokratları günahlandırır.

Hökumətin qismən fəaliyyətini dayandırması 800 min federal işçiyə təsir göstərir. Bir çoxları məcburi məzuniyyətə göndərilib, digərləri isə işləsə də maaş almır.