Tramp Rusiyanı Şimali Koreyaya sanskiyalardan yan keçməyə yardım etməkdə günahlandırır

ABŞ prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyaya beynəlxalq sanksiyalardan yayınmağa yardım etməkdə ittiham edir.

Tramp Reuters xəbər agentliyinə bildirib ki, Pxenyan ABŞ-a çata biləcək balistik raket inkişaf etdirmək yolunda hər gün irəliləyir.

Tramp Şimali Koreyaya neft və kömür təchizatını məhdudlaşdırmaq səylərinə görə Çini tərifləyib, amma Pekinin Pxenyanın qarşısını almaq üçün daha çox səy göstərə biləcəyini deyib.

Lakin Tramp deyib ki, belə görünür Rusiya “çinlilərin buraxdığı boşluqları doldurur.”

O həmçinin Şimali Koreya lideri Kim Conq Un ilə üz-üzə görüş keçirməyə hazır olduğunu deyib və əlavə edib: “Mən görüş keçirməyin problemi həll edəcəyinə əmin deyiləm.”

Çərşənbə günü dövlət katibi Reks Tillerson deyib ki, Cənubi Koreya prezidenti Mun Cae-in Pxenyanın mümkün danışıqlar keçirmək istəyinin sanksiyaların nəticə verdiyinə işarə olduğuna inanır.

“Prezident Mun özü də dediyi kimi, cənubi koreyalıların bizə gəlmələrinin səbəbi odur ki, biz sanksiyaların nəticələrini görürük, istər kəşfiyyat, istəsə də, ölkədən qaçan fərarilərin anlatdıqları sayəsində,” Tillerson deyib.

Tillerson Pekini Pxenyana təzyiq göstərməyə yardım etdiyinə görə alqışlayıb və sanksiyaların Şimali Koreya rejimini balistik raket proqramı ilə bağlı danışıqlara cəlb olunmağa vadar edəcəyinə dair nikbinliyini ifadə edib.