ABŞ prezidenti Şimali Koreyaya yeni sanksiyalar tətbiq ediləcəyini bildirir

ABŞ prezidenti Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirib. Donald Tramp bu bəyanatla Şimali Koreyanın son raket sınağından sonra çıxış edib.

"Biz əlimizdən gələn hər şeyi edirik ki, Şimali Koreyaya maksimum təzyiq qoyaq," deyə Ağ Ev sözçüsü Sarah Sanders Amerikanın Səsinin sualına cavabda deyib. "Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə diplomatik, iqtisadi istiqamətlərdə səy göstərməyə davam edəcəyik."

Prezident Tramp Twitterdə yazıb ki, Çin prezidenti Şi Tzinpinlə telefon söhbəti zamanı Şimali Koreyanın təhrikedici əməlini müzakirə edib. Prezident bunun öhdəsindən gələcəyinə and içsə də, nə ediləcəyi barədə məlumat verməyib.

Yapon xəbər proqramında Şimali Koreyanın raket sınağının trayektoriyası nümayiş etdirilir. Tokyo, 29 noyabr, 2017.

Şimali Koreya çərşənbə günü ABŞ-a çata biləcək yeni qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. Raket 4500 kilometr hündürlüyə çatıb ki, bu, Beynəlxalq Fəza Stansiyasının yerləşdiyi nöqtədən 10 dəfə yüksəkdir. Daha sonra raket Koreya yarımadasından 1000 kilometr şərqdə Yapon dənizinə düşüb.

Sözün açığı, raket əvvəl olduğundan daha yüksəyə qalxıb.
Ceymz Mattis, ABŞ Müdafiə Naziri

Xəbərə reaksiya verən prezident Donald Tramp təfsilata varmadan “bu məsələni həll edəcəyik”- deyə, bildirib.

Cənubi Koreya Pxenyanın davranışına cavab olaraq raket təlimləri keçirib.

“Hərbi qüvvələrimiz Şimali Koreyanı daim nəzarət altında saxlayır və onlar digər bir təxribat xarakterli sınaq həyata keçirdikləri təqdirdə, biz təxribatın mənbəyini və strateji obyektlərə dəqiq zərbələr endirmək üçün hazırıq,” deyə Cənubi Koreyanın Birgə Hərbi Qərərgahlar sözçüsü Roh Cae-çeon bildirib.

Pxenynan dəmiryol stansiyasında insanlar Huasonq-15 qitələrarası raketin sınaqdan keçirilməsini bayram edir. Pxenyan, Şimali Koreya. 29 noyabr, 2017.

ABŞ rəsmiləri və müstəqil ekspertlər sınağı Pxenyanın böyük nailiyyəti adlandıraraq, bunun Şimali Koreyanın raketlərini getdikcə daha uzun məsafələrə yollaya biləcəyinə nümunə kimi qiymətləndirib.

ABŞ-ın müdafiə naziri Ceymz Mattis bu raketin əvvəllərlə müqayisədə daha yüksəyə qalxdığını deyib. Nazir bildirib ki, Şimali Koreyanın ballistik raketlərin istehsalında tədqiqiat və inkişafları bütün dünyaya hədə törədir.

BMT-nin Təhlükəsizlik Şurası insidenti müzakirə etmək məqsədilə növbədənkənar toplantı keçirilir.