Tramp və Putinin Böyük 20-lərin sammitində görüşəcəyi gözlənilir

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında gələn ay Almaniyada keçiriləcək Böyük 20-lərin sammiti çərçivəsində görüşün olacağı gözlənilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Krasnodar şəhərində mətbuat konfransı zamanı görüşün baş tutacağına inandığını deyib.

“İki prezidentin eyni şəhərdə, eyni vaxtda, eyni binada və eyni otaqda olacağı nəzərə alınsa, onların danışmaması normal hal ola bilməz”, Lavrov müxbirlərə bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Tramp və Putin konfrans zamanı görüşsələr, bu, Trampın keçən il noyabr ayında prezident seçilməsindən sonra onlar arasında ilk görüş olacaq.

Putin mart ayında Trampla Böyük 20-lərin iclasında görüşməyə hazır olduğunu deyib. Lakin nə Vaşinqton, nə də Moskva onlar arasında rəsmi görüşü təsdiq etməyib.

Lavrov bildirib ki, görüş zamanı mümkün müzakirə mövzusu iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı ola bilər. O, Suriyada münaqişənin dinc yolla nizamlanması məsələsinin də danışıqlar zamanı mühüm yer ala biləcəyini deyib.