Donald Tramp: “Mən prezident olsam, dövlət quruculuğu dövrünə sürətli və əsaslı şəkildə son qoyulacaq.”
Namizəd ikən Donald Tramp xarici müdaxilələrə çox fərqli yanaşmasının olacağına söz vermişdi.
2016-cı il ilə müqayisədə bu il Yəməndə hücumlar üç qat, Somalidə isə iki qat artıb. Bu ölkələrdəki hücumların artmasının bir səbəbi onların aktiv hərbi əməliyyatların aparıldığı bölgə elan olmalarıdır.Cessika Purkiss
“Biz Yaxın Şərqdə 6 trilyon dollar xərcləmişik. Bu pul ilə biz ölkəmizi iki dəfə yenidən qura bilərdik,” o deyirdi.
İllərdir Tramp ABŞ-ın apardığı müharibələri qınayıb və onların insan həyatı və pul baxımından israfçılıq olduğunu iddia edib.
Bəs Tramp prezidentliyinin ilk ilində bu münaqişələri necə idarə edib? Qısaca desək, heç bir böyük dəyişiklik olmayıb. Əslində Tramp ABŞ qüvvələrini xaricə göndərməyə heç də istəksiz görsənmir.
Tramp hakimiyyətə gələndən bəri, ABŞ-ın Yaxın Şərq və Şimali Afrikadakı mövcudluğu üç qat artıb.
ABŞ həm də daha çox bomba hücumları həyata keçirir. Ötən il ABŞ 2016-cı il ilə müqayisədə İraq və Suriyaya 30 faiz, Əfqanıstana isə üç dəfə daha çox bomba atıb.
Dron və digər hava hücumları 2017-ci ildə artmağa davam edib, xüsusilə də Pakistan, Liviya, Yəmən və Somalidə.
“2016-cı il ilə müqayisədə bu il Yəməndə hücumlar üç qat, Somalidə isə iki qat artıb. Bu ölkələrdəki hücumların artmasının bir səbəbi onların aktiv hərbi əməliyyatların aparıldığı bölgə elan olmalarıdır. Bu isə o deməkdir ki, ABŞ orada daha az məhdudiyyətlər çərçivəsində hücumlar həyata keçirə bilər, deyə Araşdırmaçı Jurnalistika Bürosundan Cessika Purkiss bildirir.
Bunların hamısını nəzərə aldıqda Trampın xarici siyasətinin sələflərindən fərqli olaraq daha az müdaxiləçi olduğunu demək olmaz. Əksinə bəlkə də onun yanaşması daha aqressivdir, deyə CATO institutundan Kristofer Preble söyləyir.
“O əsas etibarı ilə sələfindən qalan siyasəti davam etdirib və əlavə gücdən istifadə edib. Məsələn, ilk illərində o, Əfqanıstanda müharibəyə qarşı çıxırdı, amma indi özü Əfqanıstandakı əməliyyatları genişləndirib,” o deyir.
Tramp xarici siyasət ilə bağlı kampaniya vədlərini yerinə yetirməkdə çətinlik çəkən yeganə prezident deyil.
Məsələn, Barak Obama İraqdakı qoşunları geri gətirəcəyinə söz vermişdi və bunu etdi də. Amma daha sonra onları İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün geri göndərdi.
Bu isə bir daha onu göstərir ki, prezidentliyə namizədlər xarici siyasətlə bağlı çox sayda vədlər edir. Amma hər zaman bu vədləri yerinə yetirə bilmirlər.