Mətbuat nümayəndələri ilə qısa sual-cavab sessiyasında prezident seçilmiş Donald Tramp ABŞ prezidenti Barak Obama ilə telefonda söhbətləşdiyini və söhbətin “çox yaxşı” keçdiyini söyləyib.
"Prezident mənə zəng etdi. Ümumi söhbətimiz oldu. Çox yaxşı söhbətimiz oldu." Tramp bildirib.
Bundan bir qədər öncə o, Twitterdə prezident Obamanı hakimiyyətə keçid prosesinə əngəllər törətməkdə günahlandırmışdı.
“Əlimdən gələni edirəm ki, Prezident Obamanın qızışdırıcı ifadələrinə və əngəllərinə məhəl qoymayım,” Tramp yazıb. “Güman edirdim ki, bu, hamar keçid olacaq. YOX!”
Hərçənd ki, Tramp Obama ilə bağlı düşüncələrini Twitterdə incələməyib, o əvvəllər aydın edib ki, seçkilərdə iştirak edərdisə Obamanın udacağı haqda ABŞ prezidentinin söylədiykləri xoşuna gəlməyib.
Tramp həmçinin Obama administrasiyasının BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı qətnaməsində bitərəf qalmasını sərt tənqid edib.
Biz imkan verə bilmərik ki, İsraillə bu cür həqarət və hörmətsizliklə rəftar davam etsin.
“Biz imkan verə bilmərik ki, İsraillə bu cür həqarət və hörmətsizliklə rəftar davam etsin,” o yazıb. “Vaxt vardı ki, ABŞ İsrailin yaxın dostu idi, amma artıq belə deyil. Hər şey o biabırçı İran anlaşması ilə başlandı. Və indi də bu (BMT). Möhkəm dayan, İsrail, yanvarın 20-si sürətlə yaxınlaşır.”
Bu yaxınlaradək Tramp və onun komandası keçidlə bağlı Obama administrasiyasına iltifatla yanaşıb.