Tramp müəllimləri silahlandırmağa çağırır [Video]

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp Floridada məktəbdə baş verən kütləvi atışmadan sonra yenidən bəzi müəllimləri silahlandırmağa çağırıb. O, Vaşinqton yaxınlığında mühafizəkar bir qrup önündə çıxış edib. Tramp kütləvi məktəb qırğınının təsirlərinin öhdəsindən gəlmək və bu halların qarşısını almaq üçün həll yolları irəli sürmək məcburiyyətində qalan ən son ABŞ prezidentidir. Keçmişdə də prezidentlər Birləşmiş Ştatlarda silah qanunları ilə bağlı bölgünü aradan qaldırmağa çalışıblar amma çox nəticə əldə etməyiblər.

Mən buna son qoymaq istəyirəm. Bilirəm ki, bu, bir az mübahisəli məsələdir, amma mən bunu ilk söylədiyimdən bəri buna qətiyyən qarşı çıxan bir çox insan indi artıq bu fikri dəstəkləyir. Onlar şagirdlərini sevir və onların öldürülməsini və ya xəsarət almasını istəmir.
Donald Tramp

Cümə günü prezident Tramp Vaşiqnton yaxınlığında bir qrup mühafizəkar tərəfindən müsbət qarşılanıb. O, gələcəkdə məktəbdə kütləvi atışmaların qarşısını almaq üçün bəzi müəllimləri silahlandırmaq fikrinə dəstək toplamağa çalışıb.

“Mən buna son qoymaq istəyirəm. Bilirəm ki, bu, bir az mübahisəli məsələdir, amma mən bunu ilk söylədiyimdən bəri buna qətiyyən qarşı çıxan bir çox insan indi artıq bu fikri dəstəkləyir. Onlar şagirdlərini sevir və onların öldürülməsini və ya xəsarət almasını istəmir,” Tramp deyib.

Floridada məktəbdə baş verən atışmadan sonra Tramp daha öncə buna bənzər faciələrlə üzləşən sələfləri kimi bu məsələ ilə bağlı tədbirlər görməsi üçün təzyiqlə üzləşir.

“Mən bu gün təkcə onu deyə bilərəm ki, Amerika xalqının duaları sizinlədir.”

Bu sözləri Prezident Bill Klinton 1999-cu ildə Koloradoda yerləşən Kolumbin məktəbində baş verən atışmadan sonra demişdi.

2007-ci ildə Virciniya Politexnik İnstitutunda baş verən qətliamdan sonra Corc Buş qurbanların ailələrinə təskinlik verib, dualarını dilə gətirmişdi.

2012-ci ildə Konnektikutda ibtidai məktəbdə baş verən qətliamdan sonra isə prezident Barak Obama emosional çıxış etmişdi.

“Biz son bir neçə ildə buna bənzər çox faciə yaşamışıq. Bu gün ölənlərin çoxu uşaqlar idi, 5 ilə 10 yaş arasındakı gözəl uşaqlar,” o demişdi.

Bu həftə prezident Tramp Floridada baş verən qətliamdan sonra şagirdlər və valideyinlər ilə görüşüb. Onların arasında atışmadan sağ çıxan şagird Samuel Zeif də olub.

“Mən qardaş hesab etdiyim ən yaxın dostumu itirdim. İndi isə mən burada onun yerinə səsimi ucaldıram,” Zeid deyib.

Tim Malloy deyir ki, ən son rəy sorğularının nəticələri silahların məhdudlaşdırılması ilə bağlı əlavə qanunları dəstəkləyən insanların sayının artdığını göstərir.

Əgər amerikalıların buna məhəl qoymadığını və ya bu hadisənin onlara təsir göstərmədiyini düşünürsünüzsə, səhvsiniz. Son iki ildə daha sərt silah qanunlarını dəstəkləyən sayı 20 faiz artıb.
Tim Malloy

“Əgər amerikalıların buna məhəl qoymadığını və ya bu hadisənin onlara təsir göstərmədiyini düşünürsünüzsə, səhvsiniz. Son iki ildə daha sərt silah qanunlarını dəstəkləyən sayı 20 faiz artıb,” o söyləyir.

Lakin təhlilçi Kapri Kafaro deyir ki, rəy sorğularının nəticələri seçki zamanı özünü əks etdirmir.

“Milli Tüfəng Assosiasiyasının üzvləri etibarlı seçicilərdir, yəni ictimai rəy soğruları insanların tarixçələrin yoxlanışını dəstəklədiyini göstərsə də, bu, həmin insanların səsvermədə iştirak edəcəkləri demək deyil,” deyə Kafaro bildirir.

Floridada baş verən faicədən sonra şagirdlər küçələrə axışaraq rəsmiləri bu məsələ ilə bağlı uzunmüddətli təsirləri olacaq tədbirlər görməyə çağırır.

Lakin hər hansı bir dəyişikliyin olmasına ilk dəfə noyabr ayında keçiriləcək Konqres seçkilərində fürsət yaranacaq.