Trampın iqamətgahına AK-47 ilə girən üç yeniyetmə həbs edilib

Florida polisi bel çantalarında AK-47 ilə (Kalaşnikov avtomatı) ABŞ prezidenti Donald Trampın Mar-a-Lago iqamətgahının ərazisinə girən üç yeniyetmə oğlanın həbs edildiyini bildirib.

Palm Biç Polis İdarəsinin sözçüsü Maykl Oqrodnikin dediyinə görə,15 yaşlarındakı üç oğlan, keçən cümə günü polis işçisindən qaçarkən Mar-a-Lagonun divarını aşaraq, mehmanxanaya girib.

Polis oğlanların olduğu avtomobilə iqamətgahdan bir neçə km məsafədə yaxınlaşıb. Uşaqlar avtomobillə qaçmağa çalışıb. Oqrodnikin sözlərinə görə, onlar Mar-a-Lago yaxınlığında başqa bir polis maşını gördükdə avtomobili tərk edərək, iqamətgahın ərazisində qaçıb.

"Onlardan heç bir binaya girməyə çalışmırdı, sadəcə divarı aşıb, gizlənməyə çalışdılar" - deyə, o bildirib.

Hadisə baş verən zaman Tramp iqamətgahda olmayıb.

Adları açıqlanmayan yeniyetmələr yetkinlik yaşına çatmadıqları üçün azyaşlıların saxlandığı həbsxanaya göndərilib. Prokurorlar onların böyüklər kimi ittiham olunub-olunmamaları barədə qərar verməlidir. Yeniyetmələr AK-47-lərin onlara məxsus olmadığını, avtomatları tapdıqlarını deyib.