Tramp İranla danışıqlara hazırdır, ancaq hərbi variantı istisna etmir

Fransa prezidenti Emmanuel Makron cümə axşamı bildirib ki, Fransa və Birləşmiş Ştatlar eyni məqsədi - İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məqsədini paylaşır və bu məqsədin həyata keçirilməsi üçün yeni beynəlxalq danışıqlar olmalıdır.

Anlayıram ki, onlar danışmaq istəyirlər, və biz də danışmaq istəyirik. Bu, normaldır. Biz danışacağıq.
Donald Tramp, ABŞ Prezidenti

Tehranı Yaxın Şərqdə ‘terrorizmi dəstəkləməkdə’ günahlandıran Donald Tramp İranın ABŞ-ın sərt sanksiyaları ilə ölkəni uğursuzluğa sürüklədiyini, eyni zamanda İranla danışıqlar aparmağa hazır olduğunu deyib.

"Anlayıram ki, onlar danışmaq istəyirlər, və biz də danışmaq istəyirik. Bu, normaldır. Biz danışacağıq," Donald Tramp bildirib.

İki prezident ‘D-Day’ əməliyyatı gününün 75-ci ildönümünw qeyd etmək üçün Fransanın qərbində yerləşən Kaen şəhərində görüşüb.

İranla artan gərginliklər fonunda ABŞ Yaxın Şərqə 'USS Lincoln' aviadaşıyıcısı və bombardmançı təyyarələr göndərib.

Çərşənbə günü Britaniyanın ITV telekanalına verdiyi müsahibədə jurnalist Piers Morqan Trampdan İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olub-olmadığını soruşub.

"Bəli, əlbəttə ki, mən daha çox danışmağa üstünlük verərdim," Tramp cavab verib. Eyni zamanda o, İrandan qaynaqlanan təhlükəyə cavab vermək üçün hərbi variantın mümkün olduğunu qeyd edib.

"Mən bunu istəyirəmmi? Xeyr. İstəməzdim. Ancaq həmişə belə ehtimal var," ABŞ prezidenti bildirib.