ABŞ Prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyiyə Ərəbistanına edib. Paytaxt Ər-Riyadda Kral Əbdüləziz mərkəzində keçirilən Ərəb-İslam-Amerika sammitində nitq söyləyən Prezident Tramp müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb.
Prezident Donald Tramp nitqində Azərbaycanın qonşu dövləti olan İranla bağlı problemə də toxunub. O, Tehranı regionda qeyri-sabitlikdə rol oynamaqda ittiham edib.
Amerikanın Səsinə müsahibələrdə Azərbaycandan olan politoloqlar, millət vəkilləri, ictimai-siyasi xadimlər bu çağırışı müxtəlif baxışdan dəyərləndirib.
ABŞ prezidenti Donald Trampın müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırışı terrorla mübarizədə nə dərəcədə effektiv olacaq? - sualına cavabda millət vəkili Rasim Musabəyov deyir ki, Donald Trampın bu çağırışı vacib çağırışdır. Lakin sınaqdan keçməlidir.
“Hər bir halda vacib bir çağırışdır. Müsəlman dünyası özü islamı terrorçudan ayırmağı bacarmalıdır. Heç kəs bunu bizim özümüzdən başqa edə bilməz. Nə Qərb, nə ABŞ, nə də NATO edə bilməz. Fərz edirəm ki, bu zəruri çağırışdır. Mənə elə gəlir ki, bunu sınaqdan keçirmək lazımdr. Hər halda bunu Azərbaycanda etməyi bacarırıq.”
Onun sözlərinə görə müəyyən mənada bundan əvvəlki Prezident Barak Obama prezident seçildiyi vaxtda səfərlərini Türkiyədən, İslam dünyasından başladı və onun çağırışları qarşıdurma, vətəndaş müharibəsinə gətirib çıxartdı.
“Mənə elə gəlir ki, Trampın çağırışı praqmatik çağırışdı. Yəni birinci növbədə təhlükəsizlik və terrora meylli qruplar izolasiya (təcrid olunmuş) olunmalıdır.
“Mənə elə gəlir ki, Trampın çağırışı praqmatik çağırışdır. Yəni birinci növbədə təhlükəsizlik və terrora meylli qruplar təcrid olunmalıdır", deyə o bildirib.
İran məsələsinə gəldikdə isə millət vəkili deyir ki, İranın daha çox nüvə-raket proqramı narahtlıq yaradır və ABŞ istənilən zaman sanksiyalar tətbiq edə bilər.
İkili münasibətlərdə nə kimi dəyişikliklər ola bilər, hərbi qarşıdurmaya gətirib çıxara bilərmi?-sualına cavabda millət vəkili deyib ki, İran bununla bağlı öhdəlik götürüb.
“Hesab edirəm ki, bu toqquşma səviyyəsinə o zaman gətirib çıxa bilər ki, məlum olsa ki, İranın nüvə proqramı ilə bağlı zidd bir fəaliyyət aşkarlanıb. İranın raketləri təhlükəli xəttə çatdığı halda İran-ABŞ münasibətləri hərbi gərginliyə kimi irəliləyə bilər. Təbii ki, bunu heç kim istəmir”.
ABŞ-İran münasibətlərinin kəskinləşəyəcəyi təqdirdə Azərbaycana təsirinə gəldikdə isə Musabəyov hesab edir ki, rəsmi Bakı bunu istəmir.
“Təbii ki, biz bunu istəməzdik. Qonşu dövlətdi. ABŞ-İran gərginliyi istər-istəməz qonşu ölkələrə sirayət edir.
İranda da seçkilər keçirilib və fərz edirəm ki, danışıqlar olmasına baxmayaraq məsələləri dialoq vasitəsilə yoluna qoymaq olar. Azərbaycan tamamilə o gərginliyin artmağında maraqlı deyil, əksinə etibarlı sülh, təhlükəsizlik istəyir".
Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, terrorçulara münasibətdə aydınlıq yaranmazsa vəziyyətin dəyişəcəyi, yaxud bəyantların və çağırışların səmərəli olacağı az ehtimal olunur.
Sədrəddin Soltanın sözlərinə görə, ABŞ prezidenti səfəri ilə Səudiyyə Ərəbistanını ərəb dünyasının lideri olaraq tanıdığını, ərəbləri onun ətrafında birləşməyə çağırdığını nümayiş etdirib.
“Bu, həm də ərəb dövlətləri ilə ABŞ-ın müttəfqiliyinin göstəricisi sayıla bilər. Trampın səfəri müəyyən mənada “ərəb baharı”-nın yaxın zamanda başqa ərəb dövlətlərində əsməyəcəyini də deməyə əsas verir. Yaxud bu inqilabdan qaçmaq üçün daha səmərəli yolların axtarılmasının vacibliyini də gündəliyə gətirib. Çünki ABŞ-ın dövlət adamları 14 il il əvvəl “Böyük Yaxın Şərq layihəsini” elan edib.
ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi gözləniləndir.
İran məsələsinə toxunan ekspert hesab edir ki, ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi gözləniləndir.
“İran hakimiyyəti qarşısında qoyulan tələblər, terrorçuluğun dəstəklənməməsi, başqa dövlətlərin daxili işinə qarışmaması kimi şərtlər ödənilməzsə, Tehrana qarşı yeni sanksiyalar qaçılmazdır”, deyə o bildirib.
Bununla belə ekspert ABŞ-İran münasibətlərinin kəskinləşəcəyi təqdirdə Azərbaycana təsirinə də aydınlıq gətirirb.
“Hesab edirəm ki, bu istiqamətdə qeyri-adi nəsə çətin baş verə. Çünki dünyandakı mövcud iqtisadi böhran fonunda hər dövlət öz xeyirini təbii olaraq, güdür. Bu baxımdan Azərbaycan iqtisadi, təhlükəsizlik, ərazi bütövlüyü və s. bu sayaq maraqları ödənilərsə, sistemdə dəyişiklik yarana bilər.
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli hesab edir ki, bu çağırış Donald Tramp administrasiyasının terrorizmlə mübarizədə kifayət qədər qətiyyətli olduğuna işarə edir.
Onun sözlərinə görə, problemin miqyası və həcmi çox böyükdür, ancaq ABŞ-ın və müttəfiqlərinin ciddi iradə nümayiş etdirəcəkləri təqdirdə terrorla mübarizədə real nəticələr əldə edilə bilər.
İran məsələsinə toxunan Gültəkin Hacıbəyli İran və ABŞ hərbi qarşıdurmasını real hesab etmir.
Hazırda ABŞ və İran arasında davam edən siyasi qarşıdurmanın səbəbi və məkanı Suriyadır və münaqişə bitməyincə, münasibətlərin normallaşması perspektivi görünmür. “
“Nüvə anlaşmasının qüvvədə olduğu indiki vaxtda bu, yolverilməzdir. Hazırda ABŞ və İran arasında davam edən siyasi qarşıdurmanın səbəbi və məkanı Suriyadır və münaqişə bitməyincə, münasibətlərin normallaşması perspektivi görünmür", deyə o bildirib.
Azərbaycana gəldikdə isə Gültəkin Hacıbəyli düşünür ki, Azərbaycan hazırda Suriya qədər olmasa da, amma yenə də, əhəmiyyətli dərəcədə, Rusiya-Qərb qarşıdurmasının episentrinə yaxın mövqedədir.
“Bu gün Azərbaycan siyasi rəhbərliyinə hər iki tərəfdən siyasi təzyiq var: ABŞ Maqnitski qanunu, sanksiyalarla bağlı işlərini yekunlaşdlrmaq üzrədir, münasibətlər ən aşağı səviyyəyə düşüb. Rusiya bu ölkədəki ən böyük diaspora təşkilatının, faktiki olaraq, Azərbaycan hakimiyyətinin Rusiyadakı dayağının qeydiyyatını ləğv edir, Azərbaycandan gedən kənd təssərüfatı məhsullarını gömrükdən geri qaytarır.
Hər iki tərəf Azərbaycandan birmənalı və aydın mövqe istəyir. ABŞ-İran münasibətlərinin gərginləşməsi həm də ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi deməkdir. Azərbaycanın Avropa Birliyi ilə hətta assosiasiya sazişi ilə müqayisədə çox loyal Strateji Əməkdaşlıq Sazişinin hazırlıqlarına qısqanclıqla yanaşan Rusiyanın bu zaman daha da aqressivləşəcəyi, Azərbaycan hakimiyyətindən daha aydın və birmənalı dəstək tələb edəcəyi aydındır. Sonda onu da qeyd edim ki, ABŞ-İran, dolayısı yolla ABŞ-Rusiya münasibətlərinin istənilən gərginləşməsi ABŞ-ın siyasi iradə və qətiyyət nümayiş etdirəcəyi halda sonuncunun üstünlüyü ilə yekunlaşacaq.
"Bu isə Suriya münaqişəsinin sonunu gətirməklə yanaşı, ölkəmizin Avro-inteqrasiya perspektivlərinin önünü açacaq. Ümid edək ki, Donald Tramp öz sələfindən fərqli olaraq bu qətiyyəti nümayiş etdirməyi bacaracaq", o qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov hesab edir ki, bu çağırış üzdə xeyli biznes yönümlü və düşünülmüş siyasət təəssüratı bağışlayır.
“Yüz on milyardlıq hərbi əməkdaşlıq müqavilələri (hətta ondan da artıq dəyəri olması haqqıda da deyənlər var) Amerika hərbi sənayesinə böyük canlanma gətirə bilər. Eyni zamanda böhran vəziyyətində ekstremizlə mübarizədə əməliyyatların aparıması yükü bölgə daxili qüvvələrin üzərinə düşməlidir", deyə o bildirib.
Onun sözlərinə görə, İranın qarşısında məsələ kəskin qoyulur.
“Yaxın Şərq siyasətində prioritetləri dəyişmək, istiqamət götürdüyü ittifaqlar və tərəfdaşlıqlara yenidən baxmaq. Əks halda onun rəqibləri olan qüvvələrə ABŞ dəstək verməyə hazır olduğunu bilidir. Bu xüsusilə İranda seçkilərlə üst üst düşdüyü üçün kəskin bir bildirişdir. Acıq hərbi qarşıdurma az ehtimal edilir. İran bu mesajlara münasib və ehtiyatlı siyasi addımlar atmış olsa ABŞ Yaxın Şərq siyasətində mühüm iştirakçı qismidə dəvət oluna bilir. Bu eyni zamanda Yaxın Şərqdə tərazlaşdırılmış siyasi-hərbi durumun yaranmasına zəmin yarada bilir”, deyə Əsədov belə fikirləşir.
Sülhsevər qonşuluq siyasəti Azərbaycan üçün hər halda hər şeydən üstündür.
Bu münasibətlərin Azərbaycan təsirlərinə gəldikdə isə şərqşünas F.Əsədov deyir ki, sülhsevər qonşuluq siyasəti Azərbaycan üçün hər halda hər şeydən üstündür.
Azərbaycan bölgənin problemləri həllində aktiv və təşəbbüskar tərəfdaş olmağa çalışmalıdır. Yaxın Şərqdə ABŞ siyasəti sosial gərginlik və məyüsluq hissi yaradacaqsa, radikallıq əhvalların dərəcəsi arta bilir, ekstremizmə əlavə zəmin yarana bilir. Sosial hüquqların müdafiəsi, islahatlarda vətəndaş iştirakçılığının artırılması inkişaf etdirilməlidir. Bu dövlət strukturlarının effektliliyini təmin edir və cəmiyyətinin hər səviyyəsində sabitliyə istəyini və çalışmalarını artırır.