Tramp: İran xalqı nəhayət qəddar və korrupsioner Tehran rejiminə qarşı çıxıb

Prezident Donald Tramp çərşənbə axşamı günü İranda etirazçıları yüksək qiymətləndirərək, onların “nəhayət qəddar və korrupsioner” Tehran rejiminə qarşı çıxdığını deyib. Tramp Twitter səhifəsində mesajında sələfi prezident Barak Obamanın 2015-ci ildə imzalanmış nüvə razılaşmasının bir hissəsi olaraq, İrana “düşüncəsiz şəkildə pul verdiyini” deyərək, insanların ərzaq və insan haqlarından məhrum olduğunu yazıb.

“İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı çıxıb. Prezident Obamanın düşüncəsiz şəkildə verdiyi pulların hamısı terrorizmə və onların ciblərinə gedib. İnsanların yerməyi azdır, inflyasiya böyükdür və insan hüquqları yoxdur. ABŞ izləyir!”, Tramp Twitter səhifəsində yazıb.

Donald Trampın Twitter mesajından sonra İranın Xarici İşlər nazirliyi bildirib ki, “başqa ölkələrlə bağlı mənasız və təhqiredici tvitlər göndərməyə vaxt sərf edincə, onun öz ölkəsində hər gün onlarla insanın qətlə yetirilməsi və milyonlarla evsiz və ac insanın mövcudluğu kimi daxili məsələlərə diqqət yetirməsi daha yaxşı olardı.”

Bundan öncə isə İranın Ali dini rəhbəri Ayətullah Xameneyi dövlət televiziyasında nümayiş etdirilmiş bəyanatında bildirib iki, “İranın düşmənləri son günlər İslam Respublikası üçün poblemlər yaratmaq məqsədilə pul, silahlar, siyasət və kəşfiyyat aparatı kimi bütün vasitələrdən istifadə edib.” Xameneyi hadisələrin gedişi ilə bağlı “doğru zamanda” xalqa müraciət edəcəyini bildirib.

İranın dövlət televiziyası keçən gecə də davam edən anti-hökumət etirazları zamanı daha 9 nəfərin öldürüldüyü bildirilib. Beləliklə, keçən həftədən bəri iqtisadiyyatdakı duruma qarşı başlayan etirazlarda ölənlərin sayı 20-dən çoxdur.