Tramp Vaşinqtonda hərbi paradın keçirilməsini istəyir

Trampın inaqurasiyası günü hərbi birləşmələrin Vaşinqtonda yürüşü

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçən il Fransada Bastiliya günü münasibətilə müşahidə etdiyi parada bənzər hərbi paradın keçirilməsini istədiyini bildirib. O, Pentaqon liderlərinə Amerika paytaxtında ABŞ-ın hərbi qüdrətinin nümayiş etdirilməsi ilə bağlı planın hazırlanması haqda göstəriş verib.

Müdafiə naziri Cim Mattis bildirib ki, hərbi rəsmilər paradla bağlı bir neçə variantı nəzərdən keçirir. O, qərarın prezident Trampa təqdim ediləcəyini deyib.

“Biz prezidentin hərbi qüvvələrə olan rəğbəti və hörmətindən xəbərdarıq”, Mattis Ağ Evdə müxbirlərə bildirib.

ABŞ müdafiə nazri Cim Mattis

Paradın keçirilməsi üçün mümkün tarixlər mayın 28-i ABŞ-da hərbi münaqişələrdə həlak olanların xatirəsi günü, 4 iyul ABŞ-ın Müstəqilliyi Günü və ya bu il 11 noyabrda Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd olunacağı Veteranlar Günü ola bilər.

Biz prezidentin hərbi qüvvələrə olan rəğbəti və hörmətindən xəbərdarıq.
Cim Mattis

Hərbi qüvvələrin ABŞ-ın hərbi gücünün rəmzi sayılan paradın noyabrın 6-da Konrqes seçkiləri keçirildiyinə görə Birləşmiş Ştatların siyasi həyatı ilə ümumiləşdirilməsinə mümkün qədər yol verməmək üçün noyabr ayına daha çox üstünlük verdiyi haqda məlumat verilir.

Wahsington Post qəzetinin verdiyi məlumata görə, prezident Tramp paradın keçirilməsi haqda göstərişi yanvarın 18-də müdafiə naziri Mattis və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford da daxil olmaqla Pentaqonun yüksək rütbəli rəsmiləri ilə görüş zamanı verib.

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Parisdə Bastiliya günü münasibətilə keçirilən hərbi parad zamanı

Trampın nəzərdə tutduğu kimi möhtəşəm hərbi paradlar ABŞ-da nadir hallarda keçirilir. Bu mərasimlərdə adətən 4 iyul Müstəqillik Günü ölkənin şəhərlərində və ya Vaşinqtonda ABŞ prezidentlərinin inaqurasiyası mərasimindən sonra hərbi qüvvələrin kiçik birləşmələrinin marşı ilə kifayətlənilir.

ABŞ prezidenti Corc Buş atanın hakimiyyəti dövründə 1991-ci ildə Körfəz müharibəsində qələbə bayram edilib. ABŞ prezidentləri Harri Trumanın 1949-cu və Con Kennedinin Soyuq müharibənin ən qızğın çağı olan 1961-ci ildə inaqurasiya mərasimləri zamanı isə hərbi yürüşlər keçirilib.