ABŞ prezidenti Donald Tramp şənbə günü bildirib ki, onun administrasiyası Əfqanıstanda 16 il davam edən müharibə ilə bağlı növbəti addımların nə olacağını müəyyən ediblər.
Milli Təhlükəsizlik komandası ilə Kemp Deyviddə strateji qərarların verilməsi ilə bağlı keçirilən görüşdən bir gün sonra Tramp Tvitter hesabında bu sözləri yazıb: “İstedadlı generallarımız və hərbi liderlərimizlə Kemp Deyviddə çox mühüm bir gün keçirdik. Əfqanıstan da daxil olmaqla, çox məsələlərlə bağlı qərarlar qəbul edildi.”
Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders cümə günü deyib ki, yeni strategiya Amerikanın Cənubi Asiya regionundakı maraqlarını müdafiə edəcək. O əlavə edib ki, daha ətraflı məlumat yaxın günlərdə veriləcək.
Cümə günü görüşü Əfqanıstan və bütövlükdə Cənubi Asiya regionunda təhlükəsizlik strategiyası mövzusunda yüksək səviyyəli müzakirələr silsiləsindən ən sonuncusu idi. Yekun qərarın qəbul ediləcəyi görüş hər dəfə daxili fikir ayrılığı səbəbi ilə təxirə salınırdı.
Görüş iştirakçıları arasında vitse-prezident Mayk Pens və müdafiə naziri Ceyms Mattis də var idi.