Tramp Corciya ştat rəsmilərindən səsvermənin nəticələrini aradan qaldırmağı xahiş edib

Ötən şənbə günü qeyri-adi telefon zəngində ABŞ Prezidenti Donald Tramp Corciya ştatı rəsmilərindən ştatdakı səsvermənin nəticələrini aradan qaldırmağı xahiş edib. ABŞ-ın mühüm elektoral səslərə malik cənub ştatında Tramp Demokrat namizəd Co Baydenə məğlub olub.

“Mənim istədiyim sadəcə budur. Mən sadəcə 11,780 səs tapmaq istəyirəm ki, bu da bizdə olduğundan çoxdur. Çünki biz ştatı udmuşuq,” Tramp ştatın baş seçki rəsmisi Respublikaçı Ştat Katibi Brad Raffenspergerlə telefon söhbətində bildirib. Həmin telefon söhbətinin səs yazısını The Washington Post qəzeti əldə edərək bazar günü dərc edib.

Bir saat çəkən telefon zəngində Tramp bəzən Raffenspergeri və ştatın baş müvəkkili Ryan Germanini tənqid edib, bəzənsə tərifləyib. Prezident Corciyada üç ayrı səsvermənin səhihliyini sual altına alıb. Həmin səsvermələr Co Baydenin Corciya ştatında 1992-ci ildən bəri qalib gəlmiş ilk Demokrat namizəd olduğunu göstərir.

Bazar günü Tramp Twitterdə yazıb: “Mən dünən Ştat Katibi Brad Raffenspergerlə Fulton Qraflığı və Corciya ştatında seçki fırıldağı haqda danışdım. O, "masa altındakı bülletenlər", bülletenlərin məhv edilməsi, ştatdan xaric "seçicilər", ölü seçicilər və daha çox məsələlər barədə sualları cavablandırmaqdan imtina etdi, yaxud bacarmadı. Onun xəbəri yoxdur.”

Bir neçə saat sonraq Raffensperger cavab yazıb: "Hörmətlə, Prezident Tramp: Sizin dediyiniz doğru deyil. Həqiqət üzə çıxacaq."

Zəngin səs yazısı üzə çıxdıqdan sonra President Tramp seçkilərə müdaxilə ilə bağlı tənqidlərə məruz qalıb.

ABŞ seçki sisteminə əsasən, Co Bayden ştatdakı ümumi səs çoxluğunu qazanmaqla ştata məxsus 16 elektoral kollegiya səslərini əldə etmiş olur ki, bu da onun Tramp üzərində 306-232 elektoral kollegiya qələbəsinin tərkib hissəsidir.

Çərşənbə günü Konqresin birgə sessiyasında qanunvericilərin seçki nəticələrini rəsmi olaraq təsdiqləməsi gözlənilir. Vitse Prezident Mayk Pensin rəhbərlik edəcəyi sessiyada azı 10-dan çox Respublikaçı senator Nümayəndələr Palatasındakı partiyadaşlarına qoşularaq Baydenin qələbəsini təsdiqləyən elektoral kollegiya səsverməsinin nəticələrinin sertifikasiyalaşdırılmasına etiraz edəcəklərini deyiblər.

Həmin səylərin müvəffəq olacağı gözlənilmir. Demokratlar Nümayəndələr Palatasında səs çoxluğuna malikdir və bir sıra nüfuzlu Respublikaçı senatorlar etiraza dəstək verməyəcəklərini aydın ediblər.

Bayden və seçilmiş Vitse-Prezident Kamala Harrisin inaqurasiyası yanvarın 20-də gözlənilir.

Hətta əgər Tramp Corciyada səsvermənin nəticələrini dəyişdirməyə müyəssər olsa da, Bayden prezident olmaq üçün tələb olunan 270 elektoral kollegiya səsinə malik olacaq.